39.1. Satınalan təşkilat şərtlər toplusunda satınalma müqaviləsinin icrası üçün qalib təchizatçıya avans ödənilməsini müəyyən edə bilər. Avans şərtlər toplusunda göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi məbləğinin 30 faizindən (mikro və kiçik sahibkarlıq subyektlərinə münasibətdə 50 faizindən) çox olmayaraq ödənilir. Avansın alınması üçün təchizatçı tərəfindən satınalan təşkilata avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə avans təminatı (bu Qanunun 49.4-2-ci maddəsinə əsasən qeyri-rezident hüquqi və ya fiziki şəxslərin avans təminatını təqdim etmək öhdəliyindən azad edildiyi hallar istisna olmaqla) təqdim olunur. Təchizatçı avans ödənişindən yalnız satınalma müqaviləsi ilə bağlı öhdəliklərin icra edilməsi üçün istifadə edir. Təchizatçı tərəfindən avans təminatının azı şərtlər toplusunda göstərilən müddətdə qüvvədə olması təmin edilir.
39.2. Satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalma komissiyası tərəfindən şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, təchizatçının təqdim etdiyi sənədlər (elektron qaimə-fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 (on beş) iş günündən gec olmayaraq aparılır.
39.3. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (tələb olunduğu halda, zəmanət müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (çatışmazlıqlar olduğu halda, onların aradan qaldırılması müddəti nəzərə alınmaqla) 15 (on beş) iş günü ərzində satınalan təşkilatla təchizatçı arasında son haqq-hesab aparılır, təhvil-təslim aktı imzalanır və həmin müddət ərzində yekun məbləğ təchizatçıya ödənilir.
39.4. Müqavilənin icrası ilə bağlı satınalma müqaviləsində əvvəlcədən müəyyən edilmiş sənədlər təchizatçı tərəfindən təqdim olunduqdan sonra satınalan təşkilat 15 (on beş) iş günü ərzində bu sənədləri təsdiq etməli və ya bundan əsaslandırılmış imtina etməlidir. Bu müddət ərzində sənədlər satınalan təşkilat tərəfindən təsdiq edilmədikdə və ya həmin sənədlərin təsdiq edilməsindən əsaslandırılmış imtina olunmadıqda, təqdim olunan sənədlər satınalan təşkilat tərəfindən təsdiq olunmuş hesab olunur.
39.5. Satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalma müqaviləsində müəyyən olunmuş müddətdə ödənilmədikdə, gecikdirilmiş hər gün üçün satınalma müqaviləsində müəyyən olunmuş məbləğdə dəbbə pulu hesablanır.