Hərbi qulluqçuların, müddətli həqiqi hərbi xidmətə çağırılanların və bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların hərbi xidmətə yararlı (yararsız) olmalarının müəyyənləşdirilməsi məqsədilə tibbi müayinədən keçmək, yaxud hərbi həkim komissiyasının rəyi əsasında vaxtından əvvəl hərbi xidmətdən azad olmaq hüququ vardır.
Hərbi-həkim komissiyasının rəyi ilə razılaşmadıqda hərbi qulluqçuların, müddətli həqiqi hərbi xidmətə çağırılanların və bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır.
Müddətli həqiqi hərbi xidmətə çağırılanların və bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların tibbi müayinədən və şəhadətləndirilmədən keçib, hərbi qulluğa yararlıq, yaxud çağırışın təxirə salınması, ondan azad olunmaq üçün tibbi göstərişlər və əksgöstərişlər haqqında tam məlumat almaq hüququ vardır.
Hərbi qulluqçuların, müddətli həqiqi hərbi xidmətə çağırılanların və bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların dövlət səhiyyə sisteminin müəssisələrində tibbi yardım almaq hüququ vardır və onların tibbi təminatı qanunvericiliklə müəyyən edilir.
Hərbi qulluqçuların ailə üzvlərinin tibbi təminatı başqa vətəndaşlarla ümumi əsaslarda həyata keçirilir. Mülki tibb müəssisələrində tibbi yardım almaq mümkün olmadıqda onlar hərbi tibb müəssisələrində tibbi yardımın bütün növləri ilə təmin edilirlər.