Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.
Ali tibb və əczaçılıq təhsilini başa vurmamış şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada orta tibb təhsilli işçi vəzifəsində tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər.
Azı beş il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş tibb mütəxəssisləri, o cümlədən tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan və təhsil müəssisəsini bitirdikdən sonra azı beş il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan təhsil müəssisələrində hazırlıq keçdikdən və bu Qanunun 49-1-ci maddəsinin on üçüncü hissəsinə uyğun olaraq sertifikasiya imtahanından keçdikdən sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər.
Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda, xarici ölkələrdə hazırlıq keçmiş tibb və əczaçılıq işçiləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxıla bilərlər.
Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.
Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) həmin reyestrə çıxışı təmin edilir. Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.