Qanunvericilik › Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Sertifikatın tərkibi

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Sertifikata, əsasən, aşağıdakı məlumatlar daxil edilir:

12.1.1. sertifikatı verən mərkəzin adı və ünvanı (ölkə);

12.1.2. sertifikatın seriya nömrəsi;

12.1.3. imza sahibinin adı, atasının adı, soyadı və ya istifadə üçün göstərdiyi təxəllüs;

12.1.4. sertifikatın qüvvədə olma müddəti (müddətin başlandığı və qurtardığı vaxt, tarix);

12.1.5. imza sahibinin imza yoxlama məlumatı;

12.1.6. imza yoxlama məlumatının istifadə ediləcəyi imza vasitələrinin adı.

12.2. Sertifikat kağız daşıyıcıda verildikdə Mərkəzin rəsmi blankında tərtib edilir, səlahiyyətli şəxsin əl imzası və möhürlə təsdiq olunur. Sertifikat elektron formada verildikdə isə onu verən Mərkəzin gücləndirilmiş imzası ilə təsdiq edilir.

12.3. Təqdim olunmuş məlumatlar imza sahibini dəqiq identikləşdirməyə imkan verdikdə şəxs göstəricisi kimi təxəllüsdən istifadə edilə bilər. Bu halda imza sahibinin təxəllüsdən istifadə etməsi sertifikatda aşkar qeyd olunur.

12.4. Fiziki şəxslərə verilən təkmil sertifikatda əlavə olaraq aşağıdakılar göstərilir:

12.4.1. sertifikatı verən akkreditə edilmiş mərkəzin adı və ünvanı (ölkə);

12.4.2. təkmil sertifikat olması barədə qeyd;

12.4.3. sertifikatın istifadə sahələri və məhdudiyyətləri;

12.4.4. sertifikat şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanının sorğusu əsasında verildikdə, həmin orqanın adı.

12.5. Fiziki şəxslərə verilən təkmil sertifikat onu verən akkreditə edilmiş Mərkəzin gücləndirilmiş imzası ilə təsdiq edilir.

12.6. Akkreditə edilmiş Mərkəzə verilən təkmil sertifikatda aşağıdakılar göstərilməlidir:

12.6.1. sertifikatı verən orqanın adı və ünvanı (ölkə);

12.6.2. təkmil sertifikatı olma barədə qeyd;

12.6.3. sertifikatın istifadə sahələri və məhdudiyyətləri.

12.7. Akkreditə edilmiş Mərkəzə verilən təkmil sertifikat onu verən orqanın gücləndirilmiş imzası ilə təsdiq edilir.

12.8. Sertifikata daxil edilən digər məlumatlar Mərkəzlə imza sahibi arasında bağlanmış müqavilədə göstərilir.

12.9. Sertifikat aşağıdakı hallarda etibarsız sayılır:

12.9.1. qanunvericiliyə müvafiq qaydada verilmədikdə;

12.9.2. qüvvədə olma müddəti bitdikdə;

12.9.3. sertifikatı vermiş Mərkəzin gücləndirilmiş imzası həqiqi olmadıqda;

12.9.4. sertifikatın qüvvəsi dayandırılmış və ya ləğv edilmiş olduqda;

12.9.5. onda qeyd olunmuş münasibətlərdə istifadə edilmədikdə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver