Qanunvericilik › Elektron ticarət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Müqavilənin bağlanmasına aid tələblər

Elektron ticarət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Alıcı (sifarişçi) sifariş verməzdən əvvəl satıcı (təchizatçı) tərəfindən aşağıdakı məlumatla təmin olunmalıdır:

8.1.1. təchizatçının adı, ünvanı;

8.1.2. malların (xidmətlərin, işlərin) xüsusiyyətləri barədə əsas məlumatlar;

8.1.3. vergilər nəzərə alınmaqla malların (xidmətlərin, işlərin) qiymətləri;

8.1.4. çatdırılma nəzərdə tutulduqda, onun xərci və digər şərtləri;

8.1.5. ödəniş və sifarişin icra olunma şərtləri;

8.1.6. bu Qanunda nəzərdə tutulmuş imtina hüququndan istifadə imkanı;

8.1.7. müqavilə bağlamaq təklifinin və ya qiymətin qüvvədə olduğu müddət;

8.1.8. ehtiyac olarsa, malların, işlərin və xidmətlərin daimi və ya mütəmadi təchiz edilməsinin minimal müddəti;

8.1.9. müqavilənin bağlanma üsulu və mərhələləri;

8.1.10. satıcı (təchizatçı) tərəfindən müqavilənin qeydiyyatının aparılması və ona çıxış imkanı;

8.1.11. sifarişin verilməsi zamanı buraxılan səhvlərin müəyyənləşdirilməsi və onların düzəldilməsi üçün mövcud olan texniki imkanlar.

8.2. Sifariş verilərkən satıcı (təchizatçı) alıcıya (sifarişçiyə) sifarişi aldığını dərhal bildirməlidir. Alıcı (sifarişçi) sifarişin təsdiqlənməsi barədə məlumatı əldə etdiyi halda sifariş qəbul olunmuş sayılır.

8.3. Bu Qanunun 8.1-ci maddəsində göstərilmiş məlumatlar, bu Qanunun 9.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, təsdiqləmə formasında yazılı şəkildə müqavilə bağlananadək alıcıya (sifarişçiyə) çatdırılmalıdır. Bu öhdəlik müqavilə bağlananadək yerinə yetirilmədikdə, müqavilənin icrasına başlananadək yerinə yetirilməlidir.

8.4. Təsdiqləmədə habelə aşağıdakılar barədə məlumat verilməlidir:

8.4.1. müqavilənin icrasından imtinanın şərtləri və proseduru;

8.4.2. alıcının (sifarişçinin) şikayət edə bildiyi ünvan;

8.4.3. satışdan sonrakı xidmət və zəmanətlər;

8.4.4. müqavilənin bir ildən artıq müddətə və ya qeyri-müəyyən müddətə bağlandığı halda onun dayandırılması şərtləri.

8.5. Bu Qanunun 8.4-cü maddəsi birdəfəyə göstərilən xidmətlərə tətbiq edilmir. Bu halda alıcıya (sifarişçiyə) ancaq şikayət edə bildiyi ünvan bildirilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver