9.1. Alıcı (sifarişçi) malın (işin, xidmətin) ödəniş qaydasından asılı olmayaraq 7 iş günü ərzində cəriməsiz olaraq və səbəb göstərmədən bağlanmış müqavilənin icrasından imtina edə bilər.
9.2. Bu Qanunun 8.3-cü maddəsində göstərilmiş öhdəlik yerinə yetirilmişdirsə, müqavilənin icrasından imtina edilmə müddəti müqavilənin bağlandığı gündən hesablanır.
9.3. Satıcı (təchizatçı) bu Qanunun 8.3-cü maddəsində göstərilmiş öhdəliyi tam yerinə yetirə bilmədikdə, o bunu müqavilə bağlanandan sonrakı 3 ay ərzində etməlidir. Bu dövrdə öhdəlik yerinə yetirilərsə, 7 günlük imtina müddəti həmin gündən hesablanır.
9.4. Alıcı (sifarişçi) bu Qanunun 9.1-ci maddəsinə uyğun olaraq müqavilənin icrasından imtina etdikdə, satıcı (təchizatçı) onun ödədiyi məbləği əlavə xərc olmadan 7 gün ərzində geri qaytarmalıdır. Bu zaman alıcıdan (sifarişçidən) yalnız malın qaytarılması xərci tutula bilər.
9.5. Tərəflər arasında digər razılaşma olmadıqda, alıcı (sifarişçi) aşağıdakı müqavilələrin icrasından imtina edə bilməz:
9.5.1. bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş 7 günlük müddət ərzində alıcının (sifarişçinin) razılığı ilə müqavilənin icrasına başlanıldıqda;
9.5.2. qiymətləri satıcı (təchizatçı) tərəfindən tənzimlənməyən maliyyə bazarındakı dəyişmələrdən asılı olan malların təchizatı üzrə müqavilələrdə;
9.5.3. alıcının (sifarişçinin) xüsusi tələbi əsasında istehsal və ya uyğunlaşdırma səbəbindən geri qaytarılması mümkün olmayan, tez korlanan və ya məhdud istifadə müddəti olan malların təchizatı üzrə müqavilələrdə;
9.5.4. audio, video yazılar və ya kompüter proqram təminatının, həmçinin digər malların qablaşdırma materialı alıcı (sifarişçi) tərəfindən açıldıqda və ya digər qaydada pozulduqda;
9.5.5. qəzet, jurnal və digər dövri mətbuat təchiz edildikdə.