26.1. Tərəflər müqavilə ilə başqa cür razılaşmadıqda, mübahisələrin həlli qurumları Azad Zona səlahiyyətli qurumunun, Azad Zona inzibati müəssisələrinin, Azad Zona hüquqi şəxslərinin və onların işçilərinin, Azad Zona rezidentlərinin mübahisələrinin və ya Azad Zona və onun fəaliyyəti ilə bağlı olan hər hansı digər mübahisənin həlli və təfsiri üçün müstəsna yurisdiksiyaya malikdirlər.
26.2. Tərəflər müqavilə ilə başqa cür razılaşmadıqda, əsas iqtisadiyyat məhkəmələri Azad Zona səlahiyyətli qurumunun, Azad Zona inzibati müəssisələrinin, Azad Zona hüquqi şəxslərinin və onların işçilərinin, Azad Zona rezidentlərinin tərəfi olduqları mübahisələrə və ya Azad Zona və onun fəaliyyəti ilə bağlı olan hər hansı digər mübahisəyə, bu Qanunda göstərilən hallar istisna olmaqla, baxmaq səlahiyyətinə malik deyildir.
26.3. Azad Zona mübahisələrin həlli qurumlarının müstəsna yurisdiksiyasına aid edilən məsələlərə əsas iqtisadiyyatın məhkəmə orqanları və mübahisələrin digər həlli qurumları tərəfindən baxıla bilməz. Azad Zona mübahisələrin həlli qurumları tərəfindən qəbul edilmiş qərarlar icra sənədi hesab edilir və bu qərarlar, Azad Zona apellyasiya qurumları istisna olmaqla, digər məhkəmə və ya arbitraj tərəfindən ləğv edilə, dəyişdirilə və ya etibarsız hesab edilə bilməz.