Qanunvericilik › Elm haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Elmi müəssisələr və təşkilatlar

Elm haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və xüsusi, təşkilati-hüquqi formasına görə isə publik, kommersiya və qeyri-kommersiya elmi müəssisə və təşkilatları fəaliyyət göstərir.

10.2. Dövlət mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün elmi müəssisə və təşkilatların inkişafına dəstək verir.

10.3. Elmi müəssisə və təşkilatların hüquq və vəzifələri, fəaliyyəti, yenidən təşkili və ləğvi qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsi, və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Qanun və elmi müəssisə və təşkilatların nizamnaməsi ilə tənzimlənir.

10.4. Elmi müəssisə və təşkilatlara aşağıdakılar aiddir:

10.4.1. dövlət ali elmi təşkilatı;

10.4.2. elmi tədqiqat institutu (elmi fəaliyyətlə məşğul olan qurumlar, sahə elmi tədqiqat institutları, bölmələr, laboratoriyalar və digər);

10.4.3. ali təhsil müəssisəsinin elmi qurumları;

10.4.4. elmi mərkəzlər;

10.4.5. təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələr;

10.4.6. elmi işçilərin ictimai qurumları.

10.5. Elmi müəssisə və təşkilatın nizamnaməsində aşağıdakılar nəzərdə tutulur:

10.5.1. müəssisə və ya təşkilatın adı, hüquqi ünvanı, təşkilati-hüquqi forması və strukturu;

10.5.2. elmi fəaliyyətin əsas istiqamətləri və digər fəaliyyət növləri;

10.5.3. müəssisənin və ya təşkilatın idarə edilmə sistemi və onun fəaliyyətinə nəzarət qaydaları;

10.5.4. müəssisə və ya təşkilatın, eləcə də onun işçilərinin hüquq və vəzifələri;

10.5.5. müəssisə və ya təşkilat rəhbərinin seçilmə və ya təyin edilmə qaydaları;

10.5.6. elmi və ya elmi-texniki şura və onun təşkili qaydaları;

10.5.7. maliyyələşdirilmə mənbələri;

10.5.8. əməyin ödənilməsi qaydaları;

10.5.9. yenidən təşkili və ləğvi qaydaları;

10.5.10. struktur bölmələrin və müvəqqəti elmi kollektivlərin yaradılması, fəaliyyəti, yenidən təşkili və ləğvi qaydaları;

10.5.11. müəssisənin və ya təşkilatın fəaliyyət xüsusiyyətləri ilə bağlı müddəalar.

10.6. Elmi müəssisə və təşkilatlar elmi tədqiqat və təcrübi-istehsalat bazasını inkişaf etdirmək, müasir tələblərə cavab verən infrastruktur yaratmaq məqsədilə xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlıq etmək, Azərbaycan Respublikasının qanunlarına və öz nizamnamələrinə zidd olmayan fəaliyyət növləri ilə məşğul olmaq hüququna malikdir.

10.7. Dövlət elmi müəssisəsi və təşkilatı əmlakı, o cümlədən torpaq sahələri üzərində istifadə hüququna malikdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver