11.1. Dövlət ali elmi təşkilatı Azərbaycan Respublikasında elmin inkişafının təmin edilməsində və elm sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatdır.
11.2. Dövlət ali elmi təşkilatı öz tərkibinə seçilən üzvlərini (həqiqi, müxbir, fəxri, xarici üzvləri və fəxri doktorları), tabeliyində olan elmi müəssisə və təşkilatlarında çalışan elmi işçiləri, mütəxəssisləri və elmi xidmət, sosial xidmət sahəsi işçilərini birləşdirir.
11.3. Dövlət ali elmi təşkilatının strukturunda onun fəaliyyət istiqamətləri üzrə fundamental, tətbiqi və elmi innovasiya xarakterli tədqiqatları həyata keçirən elmi müəssisələr və təşkilatlar fəaliyyət göstərir. Dövlət ali elmi təşkilatının strukturu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
11.4. Dövlət ali elmi təşkilatı fəaliyyət istiqamətləri üzrə elmi tədqiqat və istehsalat müəssisələri, elmi mərkəzlər, müvəqqəti elmi birlik və kollektivlər, beynəlxalq laboratoriyalar yaradır və onların səmərəli fəaliyyətini təmin edir.
11.5. Dövlət ali elmi təşkilatında fəaliyyət istiqamətlərinə uyğun olaraq elmi kadr potensialını inkişaf etdirmək üçün elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması həyata keçirilir.
11.6. Dövlət ali elmi təşkilatı fəaliyyət istiqamətləri üzrə ölkə ərazisində və xaricdə çöl təcrübələri və elmi ekspedisiyalar təşkil edir, ekspedisiya və çöl təcrübələrinin işinə nəzarət edir, çöl təcrübələrinin və ekspedisiyaların nəticələrinə dair hesabatlar hazırlayır.
11.7. Dövlət ali elmi təşkilatının idarə edilməsi, hüquqları və vəzifələri nizamnaməsi ilə müəyyən olunur. Dövlət ali elmi təşkilatının nizamnaməsi ümumi yığıncağında qəbul olunur və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
11.8. Dövlət ali elmi təşkilatının ali idarəetmə orqanı onun həqiqi, müxbir, xarici və fəxri üzvlərindən ibarət ümumi yığıncağıdır. Ümumi yığıncağın sessiyaları arasındakı dövrdə dövlət ali elmi təşkilatının fəaliyyəti ilə bağlı məsələləri dövlət ali elmi təşkilatının rəyasət heyəti həll edir.
11.9. Dövlət ali elmi təşkilatının “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, fəaliyyət istiqamətləri üzrə elm sahəsində beynəlxalq münasibətlərdə Azərbaycan Respublikasını təmsil etmək, ölkələrarası elmi mübadilə proqramlarında, beynəlxalq qrant layihələrində və müsabiqələrində iştirak etmək, qarşılıqlı elmi əlaqələrə dair əməkdaşlıq müqavilələri imzalamaq, digər ölkələrin akademiyalarına, ona bərabər tutulan qurumlarına seçilmək üçün təkliflər irəli sürmək hüququ vardır.
11.10. Dövlət ali elmi təşkilatı dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, bu Qanuna uyğun olaraq, innovasiya, sahibkarlıq və digər fəaliyyət sahələrindən daxilolmalar hesabına maliyyələşir.
11.11. Dövlət ali elmi təşkilatının elmi innovasiya fəaliyyəti ilə və fəaliyyət istiqamətlərinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ vardır.
11.12. Dövlət ali elmi təşkilatında dövlət büdcəsinin vəsaiti və cəlb edilmiş investisiyalar hesabına yerinə yetirilən elmi tədqiqatlar əsasında yaradılan maddi dəyərlər (qurğular, binalar, avadanlıqlar və digərləri) müəlliflik hüquqları təmin edilməklə, dövlətə məxsusdur.