Qanunvericilik › Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. İştirakçı bankların təqvim haqları

Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Təqvim haqları bankın Fondun iştirakçı bankların reyestrinə daxil edildiyi gündən bank lisenziyasının ləğv edildiyi günədək ödənilir.

13.2. İştirakçı bankın əmanətləri cəlb etmək hüququ Mərkəzi Bank tərəfindən dayandırıldıqda, bank qorunan əmanətlər üzrə öhdəliklərini tam icra edənədək Fonda təqvim haqları ödəyir.

13.3. Təqvim haqlarının hesablanması üçün ilk hesabat dövrü bankın Fondun iştirakçı banklarının reyestrinə daxil olunduğu rübün birinci günündən başlanır və həmin rübün son gününədək davam edir.

13.4. Təqvim haqları iştirakçı bankların Fondun reyestrinə daxil olunduğu gündən başlayaraq, birinci ildə qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,15 faizi, sonrakı illərdə isə 0,125 faizi həcmində ödənilir.

13.5. Təqvim haqları hər rüb qurtardıqdan sonra 10 təqvim günü ərzində Fondun Mərkəzi Bankda olan hesablarına köçürülür.

13.6. Təqvim haqları əmanətlərin valyutasında ödənilir. Bu əmanətlər ABŞ dolları və ya avroda olmadıqda, təqvim haqları bu valyutaların biri ilə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.

13.7. Fondun sığorta ehtiyatları qorunan əmanətlərin 5 faizinə çatdıqda, Himayəçilik Şurası iştirakçı banklar tərəfindən ödənilən təqvim haqlarının azaldılması və ya təqvim haqlarının ödənilməsinin dayandırılması barədə qərar qəbul edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver