1. Birja ticarəti qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq işlənib hazırlanır və birja üzvlərinin ümumi yığıncağı tərəfindən təsdiq edilir.
Birja ticarəti qaydaları birja əməliyyatlarını həyata keçirmək və onunla bağlı mübahisəli məsələləri həll etmək üçün əsas sənəd sayılır.
2. Birja ticarəti qaydalarında aşağıdakılar öz əksini tapmalıdır:
birja əməliyyatlarının keçirildiyi yer və vaxt;
birja sövdələşməsinin aparılması qaydası;
birja əqdlərinin növləri;
birja ticarəti iştirakçılarına qarşıdakı birja sövdələşməsi haqqında məlumat vermək qaydası;
birja əqdlərinin qeydə alınması və uçotu qaydası;
birja əmtəələrinə məzənnə qoyulması qaydası;
birja ticarəti iştirakçılarına birja sövdələşmələrində birja əqdləri, o cümlədən birja əqdlərinin qiymətləri haqqında məlumat vermək qaydası;
birja üzvlərinə və birja ticarətinin digər iştirakçılarına əmtəə bazarları və birja əmtəələrinin bazar konyunkturası haqqında məlumat vermək qaydası;
birja əqdləri bağlanmasında birja üzvlərinin və birja ticarətinin digər iştirakçılarının qarşılıqlı hesablaşmalar aparması qaydası;
birjada qiymətlərin səviyyəsinin gün ərzində kəskin surətdə artmasına, yaxud azalmasına, süni olaraq qiymətlərin artırılmasına, yaxud azaldılmasına, qiymətlərə təsir məqsədilə şayiələr yayılmasına yol verməmək məqsədilə birjada qiymətyaranma prosesinə nəzarət tədbirləri;
birja ticarəti qaydalarını pozmağa görə sanksiyalar;
birja xidmətindən istifadəyə görə birjaya ödənilən ayırmaların, rüsumların, tariflərin və digər ödənişlərin həcmi və onların alınması qaydası;
birjanın iş reqlamenti;
birja əməliyyatlarını tənzimləyən birjanın idarəetmə orqanları tərəfindən müəyyənləşdirilmiş digər qaydalar.