Qanunvericilik › Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Enerji auditi

Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Enerji auditi enerji effektivliyinin artırılması və enerjiyə qənaət imkanlarını, enerji itkilərinin və ətraf mühitə atılan tullantıların miqdarını və həyata keçiriləcək iqtisadi cəhətdən səmərəli enerji effektivliyi tədbirlərini müəyyənləşdirmək məqsədilə aparılır. Enerji auditi bu Qanunun 6.3-cü maddəsində göstərilən hal istisna olmaqla könüllü aparılır.

6.2. Enerji auditinin nəticəsinə dair hesabat enerji auditinin sifarişçisinə təqdim olunur.

6.3. Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısı enerji effektivliyi informasiya sisteminə daxil edilən enerji istehlakçısına və illik enerji istehlakına dair məlumatlar (enerji istehlakçısı hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda soyadı, adı, atasının adı, istehlakçı kodu, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı, fəaliyyət sahəsi, illik enerji istehlakının miqdarı) və ya tikinti sahəsinə və onun mülkiyyətçisinə dair məlumatlar (qeyri-yaşayış binasının təyinatı, mərtəbələrin sayı, tikinti sahəsinin və ümumi sahəsinin ölçüləri, mülkiyyətçisi hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda soyadı, adı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi meyarlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

6.4. Məcburi enerji auditi 3 ildən bir keçirilir.

6.5. Məcburi enerji auditinin aparılması ilə bağlı tələblər Azərbaycan Respublikası rezidentlərinin Azərbaycan Respublikası ərazisindən kənarda yerləşən filial və nümayəndəliklərinə şamil edilmir.

6.6. Enerji auditi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) ixtisas attestatı almış fiziki şəxslər (enerji auditorları) tərəfindən bu Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

6.7. Fiziki şəxsə ixtisas attestatının verilməsi üçün onun işlədiyi hüquqi şəxs (enerji auditi üzrə təşkilat) bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir.

6.8. Enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılmasını və onların fəaliyyətinə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.

6.9. Bu Qanunun 6.7-ci maddəsində nəzərdə tutulan ixtisas attestatının forması və verilməsi, attestatın qüvvədə olma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

6.10. Energetika və iqtisadi sahələrdə cinayət törətməyə görə məhkum edilmiş şəxslər enerji auditoru kimi fəaliyyət göstərə bilməz.

6.11. Enerji auditorları və enerji auditi üzrə təşkilatlar məcburi enerji auditi aparılan təsərrüfat subyektlərinin tabeliyində ola bilməz.

6.12. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrində olan aşağıdakı məlumatları rəsmi internet səhifəsində yerləşdirir və müntəzəm olaraq yenilənməsini təmin edir:

6.12.1. enerji auditi üzrə təşkilatın adı, təşkilati-hüquqi forması və ünvanı;

6.12.2. enerji auditorunun soyadı, adı, atasının adı və ünvanı;

6.12.3. ixtisas attestatının nömrəsi, verilmə və qüvvədə olma tarixi;

6.12.4. ixtisas attestatının qüvvədə olma müddətinin dayandırılması və ya onun ləğv edilməsi barədə məlumat.

6.13. Enerji auditoru ilə enerji auditinin sifarişçisi arasında münasibətlər, eləcə də enerji auditoruna ödəniləcək xidmət haqqının məbləği tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir.

6.14. Enerji auditinin keçirilməsi qaydası, həmçinin enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydası və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver