12.1. Azərbaycan Respublikasının ərazisində inzibati ərazi vahidlərinin yaradılması, ləğv edilməsi, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir.
12.3. İnzibati ərazi vahidləri arasında ərazi mübahisələrinin həlli qaydasında inzibati ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi halları istisna olmaqla, inzibati ərazi vahidləri yaradıldıqda, ləğv edildikdə, onlar adlandırıldıqda və onların adları dəyişdirildikdə, sərhədləri müəyyən olunduqda və dəyişdirildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatətinə aşağıdakı sənədlər əlavə olunur:
12.3.1. irəli sürülən təkliflərin məqsədəuyğunluğu, yaradılması təklif olunan inzibati ərazi vahidinin adı, ərazisi, tərkibində olan ərazi vahidlərinin və inzibati ərazi dairələrinin sayı, orada yaşayan əhalinin ümumi sayı və əsas məşğuliyyətə görə tərkibi, əsas sənaye, tikinti, nəqliyyat, kommunal, kənd təsərrüfatı müəssisələri, sosial-mədəni, ticarət və məişət obyektləri, habelə yaxın dəmir yol stansiyasının adı və orayadək məsafə barədə müvafiq icra hakimiyyəti orqanının təqdimatı;
12.3.2. yaradılması təklif olunan inzibati ərazi vahidinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritəsi.
12.5. Bu Qanunun 2.8-ci maddəsində müəyyən edilmiş əhalinin sayına dair tələblər rayonların (şəhər rayonları istisna olmaqla) mərkəzi olan ərazi vahidlərinə şəhər statusu verilməsi hallarına şamil edilmir.
12.6. Yeni şəhər, rayon və şəhər rayonu inzibati ərazi vahidlərinin yaradılması halları istisna olmaqla, rayonların və şəhər rayonlarının adlandırılması və adlarının dəyişdirilməsi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.
12.7. Yeni inzibati ərazi vahidlərinin yaradılması ilə əlaqədar digər inzibati ərazi vahidlərinin sərhədlərinin dəyişdirilməsi, habelə inzibati ərazi vahidləri arasında ərazi mübahisələrinin həlli məqsədilə inzibati ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi halları istisna olmaqla, inzibati ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi bu Qanunun 8-ci maddəsinə uyğun olaraq ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.