9.1. Ətraf mühitə dair informasiya almaq barədə müraciət və ya sorğu qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata götürülür, baxılır və cavab verilir.
9.2. Müraciət və ya sorğunu təmin etməkdən imtina olunduqda müraciət edənə ən geci 10 gün müddətində, səbəbləri göstərməklə cavab verilir. Müraciət və ya sorğunun əhatə etdiyi məlumatlar vaxtında verilmədikdə əhəmiyyətini itirirsə, cavab dərhal, bu mümkün olmadıqda 24 saat ərzində verilir. Digər hallarda ətraf mühitə dair informasiya almaq üçün müraciət və sorğuya bir aydan gec olmayaraq, məlumat mürəkkəb olduqda isə (sorğu verənə ilkin cavab verməklə) iki ay ərzində cavab verilməlidir.
9.3. Ətraf mühitə dair informasiya almaq üçün müraciət və ya sorğuya cavabları dövlət və ya yerli özünüidarəetmə orqanlarının rəhbərləri, həmin orqanlarda ətraf mühitə dair informasiya üçün məsul olan vəzifəli şəxs verir. Cavabda sorğu edilən informasiya ilə bağlı konkret məlumatlar göstərilir və tələb olunduqda müvafiq sənədlərin surəti əlavə olunur.
9.4. Ətraf mühitə dair informasiya barədə verilən cavabda həmin informasiyanın kommersiya məqsədi ilə ötürülməsi, satılması, çoxaldılması, dərc edilməsi şərtləri bildirilməli və ya qadağan olunması göstərilməlidir.
9.5. Ətraf mühitə dair informasiya almaq üçün müraciətin və ya sorğunun təmin edilməsindən imtina, cavab verən orqan tərəfindən əsaslandırılmalıdır.