12.1. ƏMTQ sahəsində sifarişçinin vəzifələri aşağıdakılardır:
12.1.1. nəzərdə tutulan fəaliyyəti bu Qanunun və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə həyata keçirmək;
12.1.2. nəzərdə tutulan fəaliyyətə dair ƏMTQ-nin aparılmasını təmin etmək;
12.1.3. nəzərdə tutulan fəaliyyətə dair sənədləri aidiyyəti dövlət orqanlarına təqdim etmək;
12.1.4. nəzərdə tutulan fəaliyyətin həyata keçirildiyi ərazidə yaşayan əhalini və ictimaiyyəti fəaliyyətə başlamazdan əvvəl media və ictimai dinləmələr vasitəsi ilə məlumatlandırmaq və ƏMTQ-nin nəticələri ilə tanış etmək;
12.1.5. nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi zamanı onun transsərhəd təsiri müəyyən edildikdə, həmin fəaliyyətlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələlərini Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunmasını təmin etmək;
12.1.6. ƏMTQ üzrə qiymətləndiriciyə bu Qanuna uyğun olaraq xidmət haqqı ödəmək;
12.1.7. dövlət ekoloji ekspertizasının aparılmasını “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyələşdirmək;
12.1.8. aidiyyəti dövlət orqanlarına, bələdiyyələrə, fiziki və hüquqi şəxslərə nəzərdə tutulan fəaliyyət barədə zəruri materialları, məlumatları və hesablamaları təqdim etmək;
12.1.9. nəzərdə tutulan fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dövlət ekoloji ekspertizasının rəyinə müvafiq olaraq həyata keçirmək.
12.2. ƏMTQ sahəsində sifarişçinin hüquqları aşağıdakılardır:
12.2.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) ƏMTQ sahəsində müvafiq normativ hüquqi aktlar, o cümlədən texniki normativ hüquqi aktlar və metodiki təlimatlar barədə məlumat almaq;
12.2.2. ƏMTQ üzrə qiymətləndiricidən ƏMTQ sənədinin bu Qanuna uyğun olaraq hazırlanmasını tələb etmək;
12.2.3. dövlət ekoloji ekspertizasının “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) tələb etmək;
12.2.4. dövlət ekoloji ekspertizasının nəticələri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dövlət ekoloji ekspertizasının rəyi ilə tanış olmaq;
12.2.5. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dövlət ekoloji ekspertizasının rəyindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət vermək.