Qanunvericilik › Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. ƏMTQ-nin məqsədi və prinsipləri

Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.1. ƏMTQ-nin əsas məqsədi bu Qanuna Əlavədə göstərilən fəaliyyətin həyata keçirilməsi zamanı ətraf mühitə və insan sağlamlığına mümkün mənfi təsirlərin aşkarlanması, onların məkana, zamana görə miqyasının və intensivliyinin qiymətləndirilməsi, aradan qaldırılması və ya azaldılması üçün tədbirlərin həyata keçirilməsidir.

3.2. Ətraf mühitə təsirin qiymətləndirilməsi sahəsində əsas prinsiplər aşağıdakılardır:

3.2.1. nəzərdə tutulan fəaliyyətin ətraf mühitə və insan sağlamlığına təsirinin kompleks ekoloji, sosial və iqtisadi qiymətləndirilməsi;

3.2.2. nəzərdə tutulan fəaliyyətin ekoloji təhlükəsizliyinə dair məlumatların düzgünlüyü, şəffaflığı və etibarlılığı;

3.2.3. ekoloji tarazlığın və bioloji müxtəlifliyin qorunub saxlanması;

3.2.4. nəzərdə tutulan fəaliyyətin ətraf mühitə təsirinin yol verilən normaları aşmaması;

3.2.5. mümkün ekoloji nəticələrin elmi proqnozlaşdırılması və ekoloji risk səviyyəsinin qiymətləndirilməsi;

3.2.6. ƏMTQ-nin aparılmasında aşkarlıq, əhalinin məlumatlandırılması və ictimai rəyin nəzərə alınması;

3.2.7. ƏMTQ və SEQ sahəsində beynəlxalq əməkdaşlıq;

3.2.8. ƏMTQ və SEQ-in həyata keçirilməsində dövlət və bələdiyyə orqanlarının, fiziki və hüquqi şəxslərin, o cümlədən qeyri-hökumət təşkilatlarının iştirakının təmin olunması;

3.2.9. ƏMTQ və SEQ sahəsində dövlət nəzarəti və ictimai nəzarət.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver