Qanunvericilik › Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. ƏMTQ-nin aparılmasının xüsusiyyətləri

Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.1. ƏMTQ yalnız nəzərdə tutulan fəaliyyət növlərinə münasibətdə məcburi, digər fəaliyyət növlərinə münasibətdə isə könüllü qaydada həyata keçirilir.

4.2. ƏMTQ, o cümlədən transsərhəd təsirin qiymətləndirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və müddətlərdə aparılır.

4.3. ƏMTQ nəzərdə tutulan fəaliyyətin layihələndirilmə mərhələsində sifarişçi tərəfindən həyata keçirilir. Sifarişçi ƏMTQ-nin nəticəsinə dair ƏMTQ sənədini dövlət ekoloji ekspertizasının keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.

4.4. Sifarişçi nəzərdə tutulan fəaliyyətə dair ƏMTQ-ni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) ilkin məsləhətləşmələrdən sonra həyata keçirir. İlkin məsləhətləşmələr qiymətləndirmənin məzmununun, həcminin və metodlarının əvvəlcədən müəyyənləşdirilməsi, ƏMTQ sənədində əks olunacaq məlumatların dolğunluğu və düzgünlüyünün təmin edilməsi məqsədi ilə aparılır.

4.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sifarişçinin təqdim etdiyi ƏMTQ sənədini “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət ekoloji ekspertizasından keçirir, ekspertizanın nəticəsindən asılı olaraq ona ekoloji ekspertiza rəyi verir və həmin rəyi rəsmi internet səhifəsində yerləşdirir.

4.6. Sifarişçi nəzərdə tutulan fəaliyyətlə bağlı tikinti işlərinə başlamaq üçün ƏMTQ sənədini və dövlət ekoloji ekspertizası rəyini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.

4.7. Nəzərdə tutulan fəaliyyət xüsusi mühafizə olunan təbiət ərazilərinə və obyektlərinə yaxın ərazilərdə həyata keçirildikdə, həmin fəaliyyətə dair ƏMTQ müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndələrinin iştirakı ilə aparılır.

4.8. ƏMTQ bu Qanunun, “Ekoloji təhlükəsizlik haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası qanunlarının, ətraf mühitin mühafizəsi sahəsində digər normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələbləri və aşağıdakılar nəzərə alınmaqla həyata keçirilir:

4.8.1. təbiətdən səmərəli istifadə və onun bərpası, istehsal və xidmət prosesində yaranan tullantıların təkrar istifadəsi, onların kompleks emalı, utilizasiyası;

4.8.2. tullantı sularının təmizlənməsinin təmin edilməsi, müəyyən olunmuş həddə təmizlənməmiş bu cür suların təbii və süni su axarlarına (tutarlarına) və yerin relyefinə axıdılmasının qarşısını almaqla, onların texniki ehtiyaclar üçün istifadəsi;

4.8.3. su, torpaq, atmosfer havası, meşə, bitki və heyvanlar aləmi, yerin təkindən faydalı qazıntılar və digər təbii ehtiyatlardan istifadənin əsaslandırılması;

4.8.4. torpaqların, bitki və heyvanlar aləminin, biomüxtəlifliyin mühafizəsi və bərpası, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərinin statusunun qorunması;

4.8.5. əhalinin və ətraf mühitin antropogen mənşəli fiziki, kimyəvi və bioloji faktorların zərərli təsirlərindən mühafizəsini təmin edən tədbirlərin hazırlanması;

4.8.6. nəzərdə tutulan fəaliyyətin ətraf mühitə təsirinin intensivliyi, müddəti, hədləri və dövriliyi;

4.8.7. əlverişli materiallardan (xammaldan) istifadə, enerjiyə qənaət, texnoloji itkiləri və enerji sərfini azaldan, həmçinin az tullantılı və tullantısız, ekoloji standartlara cavab verən ən səmərəli texnologiyaların tətbiqi.

4.9. ƏMTQ zamanı nəzərdə tutulan fəaliyyətin aşağıdakılara təsiri qiymətləndirilir:

4.9.1. atmosfer havasına;

4.9.2. yerüstü və yeraltı sulara;

4.9.3. su tutarlarının dib səthinə;

4.9.4. təbii və süni landşaftlara;

4.9.5. yerin təkinə və torpaq qatına;

4.9.6. bitki və heyvanlar aləminə;

4.9.7. ekoloji sistemlərin vəziyyətinə və bioloji müxtəlifliyə;

4.9.8. ekoloji həssas ərazilərə;

4.9.9. əhalinin sağlamlığına;

4.9.10. sosial-iqtisadi sahəyə (məşğulluğa, təhsilə, səhiyyəyə, yol-nəqliyyat və mühəndis infrastrukturuna);

4.9.11. maddi və mədəni irsə;

4.9.12. iqlim dəyişmələrinə.

4.10. Sifarişçi ƏMTQ-ni apararkən nəzərdə tutulan fəaliyyətin həyata keçirildiyi ərazidə yaşayan fiziki və həmin ərazidə fəaliyyət göstərən hüquqi şəxslərlə, habelə daşınmaz əmlak mülkiyyətçiləri ilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ictimai dinləmələr keçirməlidir. Bu zaman ƏMTQ “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlarla və ya qanunla qorunan digər məlumatlarla bağlı olduqda ictimai dinləmələrin keçirilməsinə yol verilmir və bu barədə fiziki və hüquqi şəxslərə, vətəndaş cəmiyyəti institutlarına media ilə məlumat verilir.

4.11. Bu Qanunun 4.10-cu maddəsinə uyğun olaraq keçirilmiş ictimai dinləmənin yekun sənədinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.

4.12. ƏMTQ və SEQ müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) ixtisas attestatı almış fiziki şəxslər (ƏMTQ üzrə qiymətləndirici) tərəfindən bu Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

4.13. Fiziki şəxsə ixtisas attestatının verilməsi üçün onun işlədiyi hüquqi şəxs (ƏMTQ üzrə təşkilat) bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir.

4.14. ƏMTQ üzrə qiymətləndiricilərin və ƏMTQ üzrə təşkilatların reyestrinin aparılmasını və onların fəaliyyətinə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.

4.15. Bu Qanunun 4.12-ci maddəsində nəzərdə tutulan ixtisas attestatının forması və verilməsi, attestatın qüvvədə olma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də ƏMTQ üzrə qiymətləndiricilərin və ƏMTQ üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

4.16. Ekologiya və iqtisadi sahələrdə cinayətlər törətməyə görə məhkum edilmiş şəxslər ƏMTQ üzrə qiymətləndirici kimi fəaliyyət göstərə bilməz.

4.17. ƏMTQ üzrə qiymətləndirici və ƏMTQ üzrə təşkilat ƏMTQ və SEQ sənədlərinin sifarişçisinin tabeliyində ola bilməz.

4.18. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ƏMTQ üzrə qiymətləndiricilərin və ƏMTQ üzrə təşkilatların reyestrində olan aşağıdakı məlumatları rəsmi internet səhifəsində yerləşdirir:

4.18.1. ƏMTQ üzrə təşkilatın adı, təşkilati-hüquqi forması və ƏMTQ fəaliyyətinin həyata keçirildiyi ünvan;

4.18.2. ƏMTQ üzrə qiymətləndiricinin soyadı, adı, atasının adı və ünvanı;

4.18.3. ixtisas attestatının nömrəsi, verilmə və qüvvədə olma tarixi;

4.18.4. ƏMTQ və ya SEQ sənədi verilən bu Qanunun Əlavəsində göstərilən fəaliyyət növü;

4.18.5. ixtisas attestatının qüvvədə olma müddətinin dayandırılması və ya onun ləğv edilməsi barədə məlumat.

4.19. ƏMTQ üzrə qiymətləndirici ilə sifarişçinin münasibətləri, eləcə də ƏMTQ üzrə qiymətləndiriciyə ödəniləcək xidmət haqqının məbləği ƏMTQ üzrə təşkilatla sifarişçi arasında bağlanmış müqavilə ilə tənzimlənir.

4.20. Bu Qanun qüvvəyə minənədək həyata keçirilən nəzərdə tutulan fəaliyyət ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin fəaliyyətlə bağlı obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ƏMTQ sənədinin hazırlanması tələb olunmur, lakin həmin fəaliyyətə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport), ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişikliklər edilir.

4.21. Bu Qanun qüvvəyə minənədək həyata keçirilən nəzərdə tutulan fəaliyyət zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ƏMTQ aparılmalıdır.

4.22. Nəzərdə tutulan fəaliyyətə dair ƏMTQ həyata keçirilərkən onun transsərhəd təsiri müəyyən edildikdə, həmin fəaliyyətlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver