5.1. ƏMTQ sənədi ən azı 3 (üç) ƏMTQ üzrə qiymətləndirici tərəfindən hazırlanır.
5.2. ƏMTQ sənədi asanlıqla başa düşülən üslubda tərtib edilməli, nəzərdə tutulan fəaliyyətin həyata keçiriləcəyi ərazidə ətraf mühitin ilkin vəziyyətini, ətraf mühitə və insan sağlamlığına mümkün potensial təsirləri, onların aradan qaldırılması yollarını və ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsi üzrə tövsiyələri müəyyən etməli, giriş və nəticə hissələrindən ibarət olmalıdır.
5.3. ƏMTQ sənədinə bu Qanunun 4.8-ci və 4.9-cu maddələrində göstərilənlərlə yanaşı aşağıdakılar barədə məlumatlar daxil edilməlidir:
5.3.1. nəzərdə tutulan fəaliyyətin təsviri, məqsədi, mərhələləri, ətraf mühitə təsirinin növləri və ekoloji risk səviyyəsinin qiymətləndirilmə üsulları;
5.3.2. ƏMTQ sənədinin hazırlanması zamanı istinad edilən normativ hüquqi baza;
5.3.3. nəzərdə tutulan fəaliyyətin həyata keçiriləcəyi ərazinin sosial-iqtisadi inkişaf perspektivləri;
5.3.4. nəzərdə tutulan fəaliyyətin həyata keçiriləcəyi ərazinin mövcud ekoloji vəziyyətinin və həssaslığının qiymətləndirilməsi;
5.3.5. nəzərdə tutulan fəaliyyət nəticəsində ətraf mühitin vəziyyətində yarana biləcək dəyişikliklərin və onların nəticələrinin proqnozlaşdırılması;
5.3.6. ƏMTQ-nin həcmi müəyyən edilərkən nəzərdə tutulan fəaliyyətin transsərhəd təsiri aşkar edildiyi halda transsərhəd təsirlərin qiymətləndirilməsi;
5.3.7. nəzərdə tutulan fəaliyyətə dair ən azı iki alternativ variant (həmin fəaliyyətdən imtina variantı daxil olmaqla), habelə tətbiq olunan ən səmərəli texnoloji alternativlərin ekoloji əsaslandırılması;
5.3.8. fövqəladə və qəza halları üzrə ekoloji risklərin proqnozlaşdırılması;
5.3.9. nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsinin bütün mərhələlərində ətraf mühitin mühafizəsi tədbirləri, habelə ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərin qarşısının alınması, azaldılması və yumşaldılması tədbirləri;
5.3.10. nəzərdə tutulan fəaliyyətin bütün mərhələləri üzrə ətraf mühitin idarə olunması planı;
5.3.11. ətraf mühitin monitorinqi planı;
5.3.12. istismar müddəti başa çatdıqdan sonra ərazinin reabilitasiya planı;
5.3.13. ictimai dinləmələrə və müzakirələrə dair məlumatlar.
5.4. Nəzərdə tutulan fəaliyyət yerin təkindən istifadə ilə bağlı olduqda ƏMTQ sənədinə geoloji və hidrogeoloji əsaslandırma məlumatları da əlavə edilməlidir.
5.5. ƏMTQ üzrə qiymətləndirici tərəfindən ƏMTQ sənədinə yalan məlumatların daxil edilməsinə yol verilmir.