Qanunvericilik › Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Tranzit daşınan məhsullara tətbiq edilən fitosanitar tədbirlər

Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Karantin nəzarətində olan materialların Azərbaycan Respublikasının ərazisindən açılmadan, bölünmədən, digər yüklərlə qarışdırılmadan və yenidən qablaşdırılmadan başqa ölkələrə daşınması zamanı həmin yüklər üzərində qanunvericilikdə nəzərdə tutulmuş qaydada fitosanitar nəzarəti həyata keçirilir.

15.2. Gömrük orqanı dövlət sərhədinin buraxılış məntəqələrində tranzit daşınan bitki və bitkiçilik məhsullarına fitosanitar sertifikatı tələb edir və bu qanunun 13.2-ci maddəsində müəyyən olunan hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən karantin nəzarətində olan materiallara və yüklərə fitosanitar tədbirləri tətbiq edilir.

15.3. Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara aşağıdakı hallarda fitosanitar tədbirləri tətbiq olunmur:

15.3.1. bitki və bitkiçilik məhsulları zərərli orqanizmlərin yayılmaması üçün plomblanmış nəqliyyat vasitələri ilə və ya konteynerlərlə daşındıqda və beynəlxalq standartların tələblərinə uyğun qablaşdırıldıqda;

15.3.2. məhsul ixrac edən ölkə tərəfindən fitosanitar sertifikatı ilə təmin edildikdə.

Maddə 1 6. Ərazidə karantin elan olunması

16.1. Ölkə ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğu təsdiq edildikdə onlarla mübarizə aparmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı həmin ərazidə karantin elan olunması barədə müvafiq icra hakimiyyəti orqanlarına təklif verir.

16.2. Karantin rejiminin tətbiq olunduğu ərazinin hüdudları zərərli orqanizmlərin yayılma dərəcəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

16.3. Ərazidə karantin rejiminin tətbiq edildiyi barədə məlumat dərhal rəsmi elan olunur və həmin ərazidə olan hüquqi şəxslərə və əhaliyə xəbərdarlıq edilir.

16.4. Ərazidə karantin elan olunması barədə müvafiq icra hakimiyyəti orqanının qərarında aşağıdakı məlumatlar əks olunur:

16.4.1. karantin elan olunmasının səbəbləri;

16.4.2. karantin elan olunan ərazinin yeri və hüdudları;

16.4.3. karantin məhdudiyyətləri və fitosanitar tədbirlərinin siyahısı.

Maddə 1 7. Karantin elan olunan ərazilərdə tətbiq edilən məhdudiyyətlər və fitosanitar tədbirlər

17.1. Karantin elan olunan ərazilərdə aşağıdakı məhdudiyyətlər və fitosanitar tədbirləri tətbiq edilir:

17.1.1. zərərli orqanizmlərə qarşı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi;

17.1.2. karantin elan olunan ərazidən və ya həmin əraziyə, habelə ərazi daxilində bitki və bitkiçilik məhsullarının daşınmasına məhdudiyyətlərin qoyulması;

17.1.3. karantin tətbiq edilən zərərli orqanizmlərə həssas bitkilərin həmin ərazidə yenidən əkilməsinə qadağa qoyulması.

17.2. Müvafiq icra hakimiyyəti orqanı məqsədəuyğun hesab etdiyi halda karantin elan olunan əraziyə bitişik ərazidə olan torpaq sahəsinin mülkiyyətçisinə (istifadəçisinə), müəyyən vaxt ərzində, öz ərazisində fitosanitar tədbirlərin həyata keçirilməsi barədə rəsmi bildiriş verir və onun qarşısında qanunvericilikdə nəzərdə tutulmuş tələblər qoyur.

17.3. Torpaq sahəsinin mülkiyyətçisi (istifadəçisi) bu tələblərə əməl etmədiyi halda müvafiq icra hakimiyyəti orqanı bildirişdə tələb olunan fitosanitar tədbirləri həyata keçirmək məqsədilə bu ərazidə olan bitkilərin, bitkiçilik məhsullarının və zərərli orqanizmlərin məhv edilməsi barədə qərar qəbul edir.

17.4. Karantin elan olunan ərazilərdə məhdudiyyətlərin qoyulması və fitosanitar tədbirlərin aparılması xərcləri qanunvericiliklə müəyyən olunmuş hallarda dövlət büdcəsinin vəsaiti, digər hallarda isə torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) vəsaiti hesabına həyata keçirilir.

Maddə 1 8. Zərərli orqanizmlərin məhdud dairədə yayıldığı ərazilərin elan olunması

18.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən zərərli orqanizmlərin məhdud dairədə yayıldığı ərazilər aşağıdakı hallarda elan olunur:

18.1.1. ərazidə zərərli orqanizmlərin məhdud dairədə yayıldığı müəyyən edildikdə;

18.1.2. zərərli orqanizmlərin yayılmasının məhdud dairədə qalması üçün müvafiq fitosanitar tədbirləri həyata keçirildikdə və nəzarət sistemi tətbiq edildikdə.

18.2. Zərərli orqanizmlərin məhdud dairədə yayıldığı ərazilərdən bitki və bitkiçilik məhsullarının kənara daşınmasına yol verilmir.

Maddə 1 9. Ərazinin zərərli orqanizmlərdən azad elan olunması

19.1. Müvafiq icra hakimiyyəti orqanı karantin elan olunan ərazini müntəzəm olaraq tədqiq edir və karantin tətbiq edilən zərərli orqanizmlərin ərazidə mövcudluğunu daim nəzarətdə saxlayır.

19.2. Fitosanitar tədbirlərin aparılmasından sonra müvafiq icra hakimiyyəti orqanı zərərli orqanizmlərlə sirayətlənmiş ərazidə və ya onun bir hissəsində karantin rejiminin götürülməsi barədə müvafiq icra hakimiyyəti orqanına təklif verir.

19.3. Müvafiq icra hakimiyyəti orqanı karantin elan olunmuş ərazini, o cümlədən məhsulun istehsal yerini və sahələrini zərərli orqanizmlərdən aşağıdakı hallarda azad elan edir:

19.3.1. karantin tətbiq edilən zərərli orqanizmlərin ərazidə mövcud olmamasına əmin olduqda;

19.3.2. ərazinin zərərli orqanizmlərdən azad olunması məqsədilə nəzərdə tutulmuş fitosanitar tədbirlər tam həyata keçirildikdə;

19.3.3. zərərli orqanizmlərdən azad ərazinin statusunun saxlanılmasına əmin olmaq məqsədilə müşahidələr keçirildikdə.

19.4. Bitki və bitkiçilik məhsullarının karantin elan olunmuş ərazilərdən daşınmasına yalnız zərərli orqanizmlərdən azad elan olunduqdan sonra yol verilir.

Maddə 2 0. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının və qeydiyyatının aparılması

20.1. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağı və qeydiyyatı onların bioloji, gigiyena-toksikoloji və ekoloji cəhətdən qiymətləndirilməsi və istifadə reqlamentlərinin işlənib hazırlanması məqsədilə aparılır.

20.2. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydaya uyğun olaraq elmi tədqiqat müəssisələrində aparılır.

20.3. İstehsalatda sınaqdan keçirmək, dövlət qeydiyyatına almaq və elmi tədqiqat işlərində istifadə etmək məqsədilə xarici ölkələrdən gətirilən pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20.4. Dövlət sınağından keçmiş insan, heyvan və bitki orqanizmləri, habelə ətraf mühit üçün təhlükəsizliyi təsdiq edilmiş pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınır və Azərbaycan Respublikasında istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilir.

20.5. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatının məcburi şərti onların mənşəyi və keyfiyyəti barədə sertifikatların, təhlükəsiz tətbiqi, bitki və bitkiçilik məhsullarında, torpaqda, suda və ətraf mühit obyektlərində həmin preparatların qalıq miqdarının müəyyən edilməsi metodikası üzrə təlimatların olmasıdır.

20.6. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatının müddəti 5 ildir və bu müddət başa çatdıqdan sonra onlar yenidən dövlət qeydiyyatından keçirilir. Preparatların təhlükəsizliyi barədə yeni məlumatlar daxil olduğu hallarda müvafiq icra hakimiyyəti orqanı onların tətbiqini tamamilə və ya müvəqqəti dövr üçün qadağan edir.

20.7. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilir.

Maddə 2 1. Zəhərli kimyəvi maddələrin qalıq miqdarına dövlət nəzarəti

21.1. Bütün növ bitki və bitkiçilik məhsullarında və torpaqda pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qalıq miqdarına dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

21.3. Məhsulun tərkibində pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qalıq miqdarı yol verilən normadan artıq olduqda, onun satışına icazə verilmir və bu məhsul qanunvericiliklə müəyyən olunmuş qaydada dövriyyədən çıxarılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver