Qanunvericilik › Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Malların sövdələşmə qiyməti üsulu

Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur, bu şərtlə ki:

13.1.1. alıcının dəyərləndirilən mallara dair sərəncam və ya istifadə hüququna məhdudiyyətlər nəzərdə tutulmasın (qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər, malların təkrar satıla biləcəyi coğrafi ərazi məhdudiyyətləri, malların dəyərinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər istisna olmaqla);

13.1.2. satış və ya malların qiyməti həmin mallara münasibətdə dəyəri müəyyən edilə bilməyən hər hansı şərt və öhdəliklərdən asılı olmasın;

13.1.3. alıcı tərəfindən mallara dair sərəncam verilməsindən və ya onların istifadəsindən satıcı birbaşa və ya dolayı yolla mənfəət əldə etməsin, əgər bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsinin aparılması mümkün deyilsə;

13.1.4. bu Qanunun 13.1.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, malların alıcısı və satıcısı əlaqəli şəxslər olmasınlar;

13.1.5. alıcı ilə satıcı əlaqəli şəxslər olduğu halda, onlar arasındakı münasibətlər mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə təsir etməsin və ya idxalatçı malların sövdələşmə qiymətinin bu Qanunun 13.7-ci maddəsinin tələblərinə cavab verdiyini sübut etsin.

13.2. Malların gömrük dəyəri malların sövdələşmə qiyməti üsulu ilə müəyyənləşdirilərkən, mallar üçün faktiki olaraq ödənilmiş və ya ödənilməli olan qiymətə aşağıdakılar əlavə edilir:

13.2.1. alıcı tərəfindən çəkilmiş, lakin mallara görə faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə daxil edilməmiş aşağıdakı xərclər:

13.2.1.1. alıcı tərəfindən malların satın alınması ilə bağlı onu təmsil edən nümayəndəsinə malın alınması ilə əlaqədar təmsilçilik xidmətinə görə ödənilmiş və ya ödənilməli xərclər istisna olmaqla, digər komisyon və broker mükafatlandırılmaları üzrə xərclər;

13.2.1.2. idxal edilmiş malların gömrük məqsədləri üçün bir hissəsi hesab edilən konteynerlərin dəyəri;

13.2.1.3. qablaşdırma materiallarının və qablaşdırma ilə əlaqədar işlərin dəyəri daxil olmaqla, alıcının çəkdiyi qablaşdırma xərcləri;

13.2.2. idxal edilən malların istehsalı və ixrac üçün satılması məqsədi ilə alıcı tərəfindən satıcıya birbaşa və ya dolayısı ilə pulsuz və ya aşağı qiymətlə verilmiş aşağıdakı hər hansı malın və xidmətin faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə daxil edilməmiş dəyəri:

13.2.2.1. idxal edilən malların tərkib hissəsi olan materialların, komplektləşdirici hissələrin və digər məmulatların dəyəri;

13.2.2.2. idxal edilən malların istehsalında istifadə edilmiş alətlərin, ştampların, qəliblərin və digər analoji ləvazimatların dəyəri;

13.2.2.3. idxal edilən malların istehsalında sərf edilmiş sürtgü yağları, yanacaq və digər materialların dəyəri;

13.2.2.4. gömrük ərazisindən kənarda həyata keçirilmiş və idxal edilən malların istehsalı üçün zəruri olan layihələndirmə, mühəndis, təcrübi-konstruktor, bədii tərtibat, çertyoj və eskiz işlərinin dəyəri;

13.2.3. patentlər, ticarət nişanları və müəlliflik hüquqları üçün ödənişlər də daxil olmaqla, dəyərləndirilən malların satışı ilə əlaqədar alıcının birbaşa və ya dolayısı ilə ödəməli olduğu royalti və lisenziya haqqı, əgər bunlar faktiki olaraq ödənilmiş və ya ödənilməli olan qiymətə daxil edilməmişdirsə;

13.2.4. alıcı tərəfindən mallar barədə sərəncam verilməsindən və ya onların istifadəsindən satıcıya birbaşa və ya dolayısı ilə çatan və ya çatmalı olan hər hansı gəlir hissəsinin dəyəri;

13.2.5. idxal olunan malların sığorta xərcləri, həmçinin hava və dəniz limanınadək, yaxud gömrük ərazisinə daxil olduğu digər hər hansı yerədək nəqliyyat xərcləri, həmin yerədək malın yüklənmə və boşaldılma xərcləri.

13.3. Mallar üçün ödənilmiş və ya ödənilməli olan qiymətdən ayrı müəyyənləşdirilmiş aşağıdakı xərclər gömrük dəyərinə daxil edilmir:

13.3.1. sənaye qurğuları, maşın və avadanlıq kimi mallar idxal edildikdən sonra həmin mallarla əlaqədar tikinti-inşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri;

13.3.2. malların gömrük ərazisində daşınması ilə əlaqədar yaranan əsaslandırılmış xərclər;

13.3.3. gömrük ərazisində ödənilməli olan rüsum və digər ödənişlər;

13.3.4. aşağıdakı şərtlər daxilində malın alınması ilə əlaqədar maliyyələşmə razılaşması çərçivəsində alıcının faiz ödəmələri:

13.3.4.1. maliyyələşmə razılaşması yazılı formada bağlanmalıdır;

13.3.4.2. gömrük orqanı tələb etdikdə maliyyələşmə razılaşması çərçivəsində tətbiq edilən faiz dərəcəsi səviyyəsinin maliyyələşmənin təmin edildiyi ölkədə və həmin vaxtda belə sövdələşmələr üçün mövcud olan səviyyədən artıq olmadığını alıcı sübut etməlidir.

13.4. İdxal olunan malların gömrük rəsmiləşdirilməsi başa çatmamışdan əvvəl onlarda itkilər və ya qüsurlar aşkar edilərsə, sövdələşmə qiymətinə müvafiq düzəlişlər edilir.

13.5. Mallara dair bəyannamənin təsdiq edildiyi gündən 1 (bir) il müddətində idxalatçı malların qüsurlu olması ilə əlaqədar sövdələşmə qiymətinə düzəlişlər etmək tələbini irəli sürdükdə, həmin qiymətə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda düzəlişlər edilir.

13.6. Alıcı və satıcının əlaqəli şəxslər olması faktı özü-özlüyündə malların sövdələşmə qiymətinin gömrük orqanının vəzifəli şəxsi tərəfindən qəbul edilməməsi üçün əsas deyil. Bu faktın qiymətə təsir etmədiyi hallarda malların sövdələşmə qiyməti gömrük orqanının vəzifəli şəxsi tərəfindən qəbul edilir. Lakin gömrük orqanının vəzifəli şəxsi alıcı və satıcının əlaqəli şəxslər olmasının mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə təsir etdiyi qənaətinə gələrsə, əsaslandırılmış iradını yazılı surətdə, o cümlədən elektron formada idxalatçıya bildirməli və həmin əlaqələrin sövdələşmə qiymətinə təsir etmədiyini və ya bu Qanunun 13.7-ci maddəsinə uyğun olaraq, sövdələşmə dəyərinin məqbul hesab edildiyini sübut etməsi üçün idxalatçıya şərait yaratmalıdır.

13.7. Əlaqəli şəxslər arasında sövdələşmə qiymətinin məqbul hesab edilməsi üçün, bu qiymətin eyni vaxtda və ya təqribən eyni vaxtda həyata keçirilən sövdələşmələr üzrə aşağıdakılardan birinə yaxın olduğu idxalatçı tərəfindən sübut edilməlidir:

13.7.1. eyni və ya eynicinsli malların Azərbaycan Respublikasına ixrac edilməsi üçün əlaqəli olmayan şəxslər arasında satış məqsədi ilə sövdələşmə qiymətinə;

13.7.2. eyni və ya eynicinsli malların bu Qanunun 16-cı maddəsinə uyğun olaraq müəyyən edilən çıxılmış dəyərinə;

13.7.3. eyni və ya eynicinsli malların bu Qanunun 17-ci maddəsinə uyğun olaraq müəyyən edilən toplanmış dəyərinə.

13.8. Bu Qanunun 13.7-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilərkən, aşağıdakılar nəzərə alınmalıdır:

13.8.1. şəxslər arasındakı ticarət əməliyyatlarının səviyyəsindəki fərqlər;

13.8.2. bu Qanunun 13.2-ci maddəsində göstərilənlərdə olan fərqlər;

13.8.3. alıcı və satıcı əlaqəli şəxslər olduğu halda satıcının çəkdiyi xərclərlə onlar əlaqəli şəxslər olmadığı hallarla müqayisədə çəkilən xərclər arasındakı fərqlər.

13.9. Bu Qanunun 13.8.1-ci - 13.8.3-cü maddələrində nəzərdə tutulan məlumatlardan bəyannaməçinin təşəbbüsü ilə və yalnız müqayisə məqsədi üçün istifadə olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver