14.1. Malların gömrük dəyərini bu Qanunun 13-cü maddəsində göstərilən qaydada müəyyənləşdirmək mümkün olmadıqda, dəyərləndirilən mallarla eyni və ya təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eyni malların sövdələşmə qiyməti qəbul edilir.
14.2. Malların gömrük dəyəri bu maddəyə əsasən müəyyən edilərkən, dəyərləndirilən mallarla eyni kommersiya səviyyəsində və eyni və ya təqribən eyni miqdarda satılan eyni malların sövdələşmə qiymətindən istifadə olunur.
14.3. Eyni malların bu Qanunun 14.2-ci maddəsində göstərildiyi kimi eyni kommersiya səviyyəsində və eyni və ya təqribən eyni miqdarda satışı müəyyən edilmədikdə, bu Qanunun 14.4-cü və 14.5-ci maddələri nəzərə alınmaqla aşağıdakı şərtlərdən birinə cavab verən eyni malların satışının sövdələşmə qiymətindən istifadə olunur:
14.3.1. eyni kommersiya səviyyəsində, lakin dəyərləndirilən malların satıldığı miqdardan fərqli miqdarda satış;
14.3.2. fərqli kommersiya səviyyəsində, lakin dəyərləndirilən malların satıldığı eyni və ya təqribən eyni miqdarda satış;
14.3.3. fərqli kommersiya səviyyəsində və fərqli miqdarda satış.
14.4. Bu Qanunun 14.3-cü maddəsi tətbiq edilərkən, kommersiya və (və ya) miqdar səviyyəsindəki fərqlər nəzərə alınmaqla, eyni malların sövdələşmə qiymətinə müvafiq düzəlişlər edilir.
14.5. Bu Qanunun 14.4-cü maddəsində göstərilən düzəlişlər, malların dəyərinin aşağı düşməsi və ya yüksəlməsi ilə nəticələnməsindən asılı olmayaraq, müvafiq sübutlarla əsaslandırılmalıdır.
14.6. Bu Qanunun 13.2.5-ci maddəsində göstərilən, idxal olunan və eyni mallar üçün çəkilmiş xərclərdə məsafədən və nəqliyyat vasitəsinin növündən irəli gələn əhəmiyyətli fərqləri nəzərə almaq məqsədi ilə sövdələşmə qiymətində müvafiq düzəlişlər aparılır.
14.7. Dəyərləndirilən mallarla eyni və ya təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eyni mallarla əlaqədar bu Qanunun 14.1- 14.6-cı maddələrində göstərilən tələblərə cavab verən iki və ya daha çox sövdələşmə dəyəri olduğu hallarda, dəyərləndirilən malların gömrük dəyəri belə sövdələşmə dəyərlərinin ən aşağı olanı əsasında müəyyənləşdirilir.