18.1. İdxal olunan malların gömrük dəyərini bu Qanunun 13–17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir.
18.2. Bu Qanunun 18.1-ci maddəsinə müvafiq olaraq malların gömrük dəyəri aşağıdakılar əsasında müəyyən edilə bilməz:
18.2.1. gömrük ərazisində istehsal edilən malların həmin ərazidəki satış qiyməti;
18.2.2. müqayisə üçün seçilən iki alternativ dəyərdən gömrük məqsədləri üçün ən yüksək olanının qəbul edilməsini nəzərdə tutan sistem;
18.2.3. malların ixrac ölkəsinin daxili bazarındakı qiyməti;
18.2.4. bu Qanunun 17-ci maddəsinə uyğun olaraq eyni və ya eynicinsli mallar üçün müəyyənləşdirilmiş xərclərdən fərqli istehsal xərcləri;
18.2.5. gömrük ərazisindən fərqli hər hansı ölkəyə ixrac üçün nəzərdə tutulan malların qiyməti;
18.2.6. minimum gömrük dəyəri;
18.2.7. kortəbii müəyyən edilən və ya saxta dəyərlər.
18.3. İdxalatçı tələb etdiyi halda, o, gömrük orqanları tərəfindən bu Qanunun 18.1-ci maddəsinə əsasən müəyyən edilmiş gömrük dəyəri və bu dəyərin müəyyən edilməsi üçün istifadə olunan üsul barədə yazılı, o cümlədən elektron formada məlumatlandırılmalıdır.