Qanunvericilik › Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Tarif güzəştləri və preferensiyaları

Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.1. Tarif güzəştləri və preferensiyaları gömrük sərhədindən keçirilən mallar üzrə gömrük rüsumundan azadetmə və gömrük rüsumu dərəcələrinin aşağı salınması, malın preferensial şərtlərlə gətirilməsi üçün tarif kvotaları şəklində verilən güzəştlərdir.

19.2. Mallar üzrə tarif güzəştlərinin verilməsi halları və qaydaları Gömrük Məcəlləsinə, bu Qanuna və müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktlarına uyğun olaraq tənzimlənir.

19.3. İstehsal ehtiyaclarını yerli xammal, material və əsas vəsaitlər hesabına ödəmək mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanı konkret sahənin inkişafını təmin etmək məqsədi ilə həmin malların idxalına konkret dövr (bu Qanunun 20.0.17-ci və 20.0.19-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) üçün nəzərdə tutulan tarif güzəştləri tətbiq edə bilər.

19.4. Mallar üzrə tarif preferensiyaları qanunvericilikdə və Azərbaycan Respublikasının xarici ölkələrlə və ya beynəlxalq təşkilatlarla bağladığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda həmin ölkələrə, yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə münasibətdə qarşılıqlı və ya birtərəfli qaydada tətbiq edilir.

19.5. Mallar üzrə tarif güzəştləri və preferensiyaları bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi xarakter daşıya bilməz.

19.6. Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

19.7. Gömrük rüsumları üzrə güzəştlərin və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin aparılması məqsədilə gömrük rüsumları üzrə güzəştlər və azadolmalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada təsnifləşdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver