Qanunvericilik › Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Gömrük rüsumlarından azad etmə

Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20.0. Aşağıdakılar gömrük rüsumlarından azad edilirlər:

20.0.1. yüklərin, baqajın və sərnişinlərin beynəlxalq daşımalarını həyata keçirən nəqliyyat vasitələri, habelə onların yolboyu, dayanacaqlararası məntəqələrdə normal istismarı üçün zəruri olan və ya həmin nəqliyyat vasitələrinin qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları, yanacaq, qida məhsulları, dərman vasitələri və digər əmlak;

20.0.2. dənizdə balıq və digər su bioresurslarının ovunu həyata keçirən Azərbaycan Respublikası gəmilərinin və Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən icarəyə (fraxta) götürülmüş gəmilərin fəaliyyətini təmin etmək üçün gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, yanacaq, qida məhsulları, dərman vasitələri və digər əmlak, habelə həmin gəmilərdə gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları;

20.0.3. xarici dövlətlərin nümayəndəlikləri və onların əməkdaşları, habelə digər qeyri-rezidentlər üçün Gömrük Məcəlləsində müəyyən edilmiş gömrük güzəştləri çərçivəsində gömrük sərhədindən keçirilən mallar;

20.0.4. gömrük ərazisindən çıxarılan və bu əraziyə gətirilən Azərbaycan Respublikasının milli valyutası, xarici valyuta və qiymətli kağızlar;

20.0.4-1. qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən malların idxalı;

20.0.5. qanunla müəyyən edilmiş hallarda dövlətin mülkiyyətinə keçirilməli olan mallar;

20.0.6. yardım yükü kimi gətirilən, təbii fəlakət zonalarında zərərçəkmiş əhaliyə yardım göstərilməsi üçün göndərilən qida məhsulları, mallar və nəqliyyat vasitələri, habelə müvafiq orqanların təbii fəlakətin nəticələrinin ləğvi ilə məşğul olan şəxsi heyəti üçün nəzərdə tutulmuş avadanlıq, xüsusi nəqliyyat vasitələri, ehtiyat hissələri, şəxsi əşyalar və digər mallar, habelə məktəblər, məktəbəqədər təhsil müəssisələri və müalicə ocaqları üçün pulsuz dərs vəsaitləri;

20.0.7. texniki yardım da daxil olmaqla, təmənnasız yardım və xeyriyyəçilik məqsədi ilə dövlətlərin və ya beynəlxalq təşkilatların xətti ilə gömrük ərazisinə gətirilən və ya bu ərazidən aparılan mallar, habelə qrant haqqında müqaviləyə və ya qərara əsasən qrant kimi alınan pul və (və ya) digər maddi yardımlar;

20.0.8. üçüncü ölkələr üçün nəzərdə tutulan və gömrük ərazisindən gömrük nəzarəti ilə tranzit xüsusi gömrük proseduru altında keçən mallar;

20.0.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar;

20.0.10. gömrük ərazisinə qaytarılan milli mədəniyyət sərvətləri;

20.0.11. yığma idman komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölkəyə gətirilən idman avadanlığı və malları;

20.0.12. əcnəbi əməkçi miqrant Azərbaycan Respublikasında, Azərbaycan Respublikasının vətəndaşı olan əməkçi miqrant xarici ölkədə əmək fəaliyyətinə başlamaq və əmək fəaliyyətini başa vurduqdan sonra qayıtmaq üçün gömrük sərhədini keçərkən onun şəxsi əşyaları, məişət avadanlıqları, əmək fəaliyyəti üçün zəruri olan alətlər;

20.0.13. mallar (aksizli mallar istisna olmaqla) gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya idxal edildikdə, habelə gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya idxal olunmuş mallar xüsusi iqtisadi zonadan gömrük ərazisi xaricinə ixrac edildikdə;

20.0.14. xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş mallar gömrük ərazisi xaricinə ixrac edildikdə, xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş mallar təmir, yekun-tamamlama işləri, nümunələrin sərgisi və digər bu kimi məqsədlərlə gömrük ərazisinə müvəqqəti idxal edildikdə;

20.0.15. gömrük ərazisində mallar xüsusi iqtisadi zonalar arasında idxal və ixrac edildikdə;

20.0.16. Gömrük Məcəlləsi ilə müəyyən edilmiş müvafiq gömrük prosedurlarına əsasən gömrük rüsumundan azad və ya qismən azad olunmuş mallar;

20.0.17. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə;

20.0.18. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı;

20.0.19. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — rezidentin sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındığı tarixdən 10 il müddətinə;

20.0.20. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı – 2016-cı il mayın 1-dən 14 il müddətinə;

20.0.21. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər təhlükəli ərazilərin minalardan və digər partlayıcı sursatlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin, onların yaradılması və (və ya) istehsalı üçün texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin və xammalın, habelə minaaxtaran itlərin idxalı – 2023-cü il martın 1-dən 5 il müddətinə;

20.0.22. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı – 2023-cü il yanvarın 1-dən 10 il müddətinə;

20.0.24. neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq Azərbaycan Respublikasına verilməsi nəzərdə tutulan əsas fondların, daşınar əmlakın və digər aktivlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya hasilatın pay bölgüsü haqqında sazişlərdə Azərbaycan Respublikasını təmsil edən hüquqi şəxslərə hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar;

20.0.25. Azərbaycan Respublikasının ərazisində qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar;

20.0.26. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktivlərində yerləşdirilməsi üçün idxal olunan qızıl;

20.0.27. ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıq və materiallar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasına idxal olunan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə);

20.0.28. müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatlarının, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialların və xammalın idxalı;

20.0.28-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Azərbaycan Respublikası Baş Prokurorluğunun verdiyi təsdiqedici sənəd əsasında müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan bütün növ texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın idxalı;

20.0.29. aşağıda göstərilən hallarda və müddətlərdə “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş dövlət tərəfdaşının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı:

20.0.29.1. dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində özəl tərəfdaş və ya layihə şirkəti olan şəxslər tərəfindən – “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq;

20.0.29.2. dövlət-özəl tərəfdaşlığı müqaviləsində gömrük güzəştlərindən istifadə etmək hüququ nəzərdə tutulan və belə müqavilə üzrə özəl tərəfdaşın və ya layihə şirkətinin tikinti işlərinə cəlb etdiyi podratçısı tərəfindən (idxal edilən mallar həmin layihənin dəyərinə aid edildiyi təqdirdə) – dövlət-özəl tərəfdaşlığı müqaviləsində tikinti işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan müddətdə;

20.0.30. dövlətin satınalma öhdəliyi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq;

20.0.31. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların və yük avtomobillərinin ehtiyat hissələrinin idxalı – avtobuslara münasibətdə 2025-ci il yanvarın 1-dən 8 il müddətinə, yük avtomobillərinə münasibətdə 2026-cı il yanvarın 1-dən 7 il müddətinə;

20.0.32. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalı – 2026-cı il yanvarın 1-dən 10 il müddətinə;

20.0.33. investisiya təşviqi sənədini almış Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların idxalı - 2026-cı il yanvarın 1-dən 10 il müddətinə;

20.0.34. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı - 2026-cı il yanvarın 1-dən 10 il müddətinə;

20.0.35. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında şəxs tərəfindən təqvim ili ərzində 1 (bir) ədəddən (ölkə üzrə ümumilikdə 10 (on) ədəddən) artıq olmamaqla raritet avtonəqliyyat vasitələrinin idxalı;

20.0.36. xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş Ələt azad iqtisadi zonasında Azad Zona hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş Azərbaycan Respublikası mənşəli malların həcminin azı 50 (əlli) faizinin ölkə hüdudlarından kənara ixracı şərtilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilməsi – malı istehsal və ya emal edən Azad Zona hüquqi şəxsinin təsis olunduğu tarixdən 15 il müddətində. (Bu maddə 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver