15.1. Tutulmuş və ya həbs edilmiş şəxslər Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində onlar üçün nəzərdə tutulmuş hüquqlardan əlavə, aşağıdakı hüquqlara da malikdirlər:
15.1.1. həbs yerinə gətirildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla bu barədə məlumat vermək imkanı ilə təmin olunmaq;
15.1.2. şəxsi təhlükəsizliyi təmin edilməklə saxlanılmaq;
15.1.3. həbs yerinə qəbul edildikdən dərhal sonra və həbsdə saxlama zamanı öz hüquq və vəzifələri, Daxili intizam qaydaları, o cümlədən həbs yerində rejim, təkliflərin, ərizələrin və şikayətlərin verilməsi qaydası ilə yazılı şəkildə onlara aydın olan dildə tanış olmaq, bu barədə yazılı məlumatı özündə saxlamaq;
15.1.4. işgəncəyə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq;
15.1.5. həbsdə saxlama zamanı onlara aidiyyəti olan bütün prosessual hərəkətlər barədə məlumatlandırılmaq;
15.1.6. müdafiəçisi və qanuni nümayəndəsi ilə görüşmək;
15.1.7. həbs yerində saxlanıldığı müddət ərzində pulsuz yeməklə, maddi-məişət və tibbi-sanitariya xidmətləri ilə təmin olunmaq;
15.1.8. ədəbiyyatdan, o cümlədən xüsusi ədəbiyyatdan istifadə etmək, həbs yerinin kitabxanasından istifadə üçün ədəbiyyat, qəzet və jurnal götürmək və ya öz vəsaiti hesabına həbs yerinin müdiriyyəti vasitəsilə ticarət şəbəkəsindən yazı ləvazimatı, ədəbiyyat, qəzet və ya jurnal əldə etmək;
15.1.9. dini ayinləri yerinə yetirmək, dini ləvazimatdan və ədəbiyyatdan istifadə etmək;
15.1.10. bağlama, sovqat və banderol almaq;
15.1.11. mülki hüquq münasibətlərində iştirak etmək, notariusun xidmətlərindən istifadə etmək;
15.1.12. etik davranışa uyğun rəftar olunmaq;
15.1.13. həbs yerinin müdiriyyəti tərəfindən qəbul edilmək;
15.1.14. hüquqa zidd məqsədlər üçün istifadə edilə bilən və ya dövlət sirrini və qanunla qorunan digər sirləri özündə əks etdirən sənədlər və yazılar istisna olmaqla, cinayət işi ilə tanış olmaq, öz hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsi ilə bağlı olan sənədləri, yaxud əqli fəaliyyətinin nəticəsi olan yazıları və ya onların surətlərini, o cümlədən təklif, ərizə və şikayətlərinə verilən cavabların surətlərini özündə saxlamaq;
15.1.15. həbsdə saxlanılmasının qanuniliyi, əsaslılığı və ya hüquqlarının və qanuni mənafelərinin pozulması məsələləri ilə bağlı təklif, ərizə və şikayətlərlə müraciət etmək;
15.1.16. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması halları istisna olmaqla, prosessual hərəkətlərin aparılmasına cəlb edilməsinin qadağan olunduğu müddətdə - gecə vaxtı səkkiz saat yatmaq;
15.1.17. hər gün iki saatdan az olmayaraq gündəlik gəzintiyə çıxarılmaq;
15.1.18. idmanla məşğul olmaq və stolüstü oyunlar oynamaq;
15.1.19. siyahısı və sayı Daxili intizam qaydaları ilə müəyyən edilmiş şəxsi əşyalardan istifadə etmək;
15.1.20. öz paltar və ayaqqabısından istifadə etmək, münasib paltarı olmadıqda iqlimə uyğun paltarla təmin olunmaq;
15.1.21. öz vəsaiti hesabına həbs yerinin müdiriyyəti vasitəsilə ticarət şəbəkəsindən qida məhsulları və ən zəruri mallar əldə etmək;
15.1.22. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;
15.1.23. həbs yerinin müdiriyyəti tərəfindən barəsində çıxarılmış qərardan şikayət etmək.
15.2. Həbs edilmiş şəxslər bu Qanunun 15.1-ci maddəsində göstərilən hüquqlardan əlavə, aşağıdakı hüquqlara malikdirlər:
15.2.1. bu Qanunla nəzərdə tutulmuş qaydada yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşmək;
15.2.2. öz vəsaiti hesabına qəzet və jurnallara abunə yazılmaq;
15.2.3. şəxsi hesabları vasitəsilə pul baratları almaq və yaxın qohumlarına pul baratları göndərmək;
15.2.4. şəxsi hesablarında olan vəsaitlə istintaq təcridxanasının ticarət köşkündən qida məhsulları və ən zəruri mallar əldə etmək;
15.2.5. bu Qanunun və Daxili intizam qaydalarının tələbləri nəzərə alınmaqla nikah bağlamaq və nikahı pozmaq, habelə digər ailə-hüquq münasibətlərində iştirak etmək;
15.2.6. bu Qanunda və Daxili intizam qaydalarında nəzərdə tutulmuş qaydada telefon danışıqlarından istifadə etmək;
15.2.7. Daxili intizam qaydalarında nəzərdə tutulmuş qaydada televiziya proqramlarına baxmaq.
15.3. Tutulmuş və ya həbs edilmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər öz dövlətlərinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəlikləri və ya konsulluqları ilə və ya onlara himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla təxirə salınmadan əlaqəyə girmək hüququna malikdirlər.