Qanunvericilik › Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 39

Maddə 39. İstintaq təcridxanasında tətbiq edilən tənbeh tədbirləri

Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

39.1. Daxili intizam qaydalarını pozan həbs edilmiş şəxslər barəsində aşağıdakı tənbeh tədbirləri tətbiq edilə bilər:

39.1.1. xəbərdarlıq;

39.1.2. töhmət;

39.1.3. 7 günədək müddətə cərimə təcridxanasında yerləşdirmə.

39.2. Tənbeh tədbiri həbs yerinin rəisinin və ya onu əvəz edən şəxsin əsaslandırılmış qərarı ilə tətbiq edilir. Qərarın surəti həbs edilmiş şəxsə dərhal təqdim edilir və şikayət etmək hüququ ona izah olunur. Bu barədə müvafiq qeydiyyat aparılır.

39.3. Bir pozuntuya görə yalnız bir tənbeh tədbiri tətbiq edilir.

39.4. Tənbeh tədbiri həbs yerlərində müəyyən edilmiş qaydaların pozulması halları və həbs edilmiş şəxsin davranışı nəzərə alınmaqla tətbiq edilir. Tənbeh tədbiri pozuntunun aşkar edildiyi gündən ən geci 5 gün keçənədək, pozuntu ilə əlaqədar yoxlama aparıldıqda isə yoxlama başa çatdıqda, lakin pozuntu törədildiyi gündən ən geci 1 ay keçənədək tətbiq edilir.

39.5. Daxili intizam qaydalarının pozulmasında təqsirləndirilən həbs edilmiş şəxsin aşağıdakı hüquqları vardır:

39.5.1. hansı əməlinin Daxili intizam qaydalarının pozulması hesab olunduğu barədə dərhal məlumat almaq;

39.5.2. özünün müdafiəsi üçün kifayət qədər vaxta və şəraitə malik olmaq;

39.5.3. şəxsən və ya zəruri hesab etdiyi hallarda müdafiəçi vasitəsilə müdafiə olunmaq;

39.5.4. tərcüməçinin köməyindən pulsuz istifadə etmək;

39.5.5. şahidlərin izahatının alınmasını tələb etmək və onların izahatının alınmasında iştirak etmək.

39.6. Tənbeh tədbiri verilməzdən əvvəl həbs edilmiş şəxsdən izahat alınır. Həbs edilmiş şəxs izahat verməkdən imtina etdikdə bu barədə imtinanın səbəbləri göstərilməklə akt tərtib edilir.

39.7. Həbs edilmiş şəxslər tənbeh tədbirindən yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verə bilərlər. Bu Qanunun 39.8-ci maddəsinə əsasən tənbeh tədbirinin tətbiqinin dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, şikayətin verilməsi tənbeh tədbirinin tətbiqini dayandırmır.

39.8. Şikayət verildiyi hallarda, barəsində şikayət olunan tənbeh tədbirinin tətbiqinin dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver