41.1. Tutulmuş və ya həbs edilmiş şəxslər həbs yerində saxlanılan zaman dövlət əmlakına vurduqları ziyana görə qanunla müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyırlar.
41.2. Tutulmuş və ya həbs edilmiş şəxslərin dövlət əmlakına vurduqları maddi ziyanın məbləği yoxlama materialları əsasında həbs yerinin rəisinin və ya onu əvəz edən şəxsin qərarı ilə müəyyən edilir. Maddi ziyanı ödəmək barədə qərar tutulmuş və ya həbs edilmiş şəxsə imza etdirməklə elan olunur. Tutulmuş və ya həbs edilmiş şəxs həmin qərardan yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verə bilər.
41.3. Tutulmuş və ya həbs edilmiş şəxs vurduğu maddi ziyanı könüllü olaraq ödəməkdən imtina etdikdə, həmin ziyanın əvəzi ondan məhkəmə qaydasında tutulur.
41.4. Dəymiş maddi ziyana görə düzgün tutulmayan məbləğ geri qaytarılır və tutulmuş və ya həbs edilmiş şəxsin şəxsi hesabına köçürülür.
41.5. Tutulmuş və ya həbs edilmiş şəxsin xahişi ilə maddi ziyan razılıqları olduqda onun qohumları və ya digər şəxslər tərəfindən ödənilə bilər.
41.6. Cəzaçəkmə müəssisəsinə göndərilərkən ödənilməyən maddi ziyan cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən məhkumun şəxsi hesabından tutulur.
41.7. Tutulmuş və ya həbs edilmiş şəxs həbs yerindən azad edilərkən ödənilməyən maddi ziyanın əvəzi ondan məhkəmə qaydasında tutulur.
41.8. Tutulmuş və ya həbs edilmiş şəxsə həbs yerinin işçiləri tərəfindən vurulan maddi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tutulur.