Qanunvericilik › Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 42

Maddə 42. Tutulmuş və ya həbs edilmiş şəxs yeməkdən imtina etdikdə görülən tədbirlər

Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

42.1. Tutulmuş və ya həbs edilmiş şəxs yeməkdən imtina etdikdə, həbs yerinin rəisi və ya onu əvəz edən şəxs bunun səbəbini aydınlaşdırmalı, bu barədə dərhal cinayət prosesini həyata keçirən orqana yazılı formada məlumat verməlidir.

42.2. Yeməkdən imtina etmənin səbəbləri əsaslı olduqda, həbs yerinin müdiriyyəti tutulmuş və ya həbs edilmiş şəxs tərəfindən irəli sürülən qanuni tələblərin təmin edilməsi üçün təcili tədbirlər görür. İrəli sürülmüş tələblərin dərhal təmin edilməsi mümkün olmadıqda, tutulmuş və ya həbs edilmiş şəxsə müvafiq izahat verilir və həmin tələblərin təmin edilməsi üçün tədbirlər görülür.

42.3. Yeməkdən imtina edən tutulmuş və ya həbs edilmiş şəxs, həbs yerinin rəisinin və ya onu əvəz edən şəxsin əsaslandırılmış qərarı ilə digər tutulmuş və ya həbs edilmiş şəxslərdən ayrı saxlanılır, onun üzərində həkim nəzarəti təyin edilir.

42.4. Yeməkdən imtina edən tutulmuş və ya həbs edilmiş şəxsin həbs yerində saxlanılma rejimindən irəli gələn öhdəliklərdən azad edilməsi həkimin tibbi rəyi əsasında həyata keçirilir.

42.5. Yeməkdən imtina edən tutulmuş və ya həbs edilmiş şəxsə Daxili intizam qaydaları ilə nəzərdə tutulan vaxtda müəyyən edilmiş normalar üzrə bu barədə müvafiq qeydiyyat aparılmaqla səhər, günorta və şam yeməyi verilir və ona yeməyi qəbul etmək təklif olunur. Bu təklif rədd edildikdə yeməkdən imtina yeməklərin gətirilməsi haqqında qeydiyyatın aparıldığı vərəqədə qeyd olunur.

42.6. Yeməkdən imtina edən tutulmuş və ya həbs edilmiş şəxsin həyatı üçün təhlükə yarandıqda və o, özü haqqında real qərar qəbul etmək qabiliyyətini itirdikdə həkimin yazılı rəyinə əsasən və onun iştirakı ilə yeməkdən imtina edən tutulmuş və ya həbs edilmiş şəxsin səhhətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər, o cümlədən həmin şəxsin ləyaqətini alçaltmamaq şərti ilə məcburi qaydada qidalandırılması həyata keçirilir.

42.7. Tutulmuş və ya həbs edilmiş şəxsin yemək qəbulundan imtina etməsi onun digər həbs yerlərinə göndərilməsinə, istintaq hərəkətlərində və məhkəmə iclaslarında iştirakına mane olmur. Yemək qəbulundan imtina edən tutulmuş və ya həbs edilmiş şəxsin digər həbs yerlərinə göndərilməsi tibb işçisinin müşayiəti ilə həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver