Qanunvericilik › Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. Hərbi xidmət vəzifələrinin icrası

Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

27.1. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar:

27.1.1. döyüş əməliyyatlarında iştirak edərkən;

27.1.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən;

27.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən;

27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən;

27.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən;

27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən;

27.1.7. ezamiyyətdə olarkən;

27.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən;

27.1.9. toplanışlar keçərkən;

27.1.10. hərbi xidmət yerinə gedib-gələrkən;

27.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa);

27.1.12. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək;

27.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən;

27.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən;

27.1.15. fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən.

27.2. Hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin vəfat etmələri (həlak olmaları), yaxud bədən xəsarəti (yara, travma, kontuziya) almaları, aşağıdakı hallar nəticəsində baş verdikdə hərbi xidmət vəzifələrinin icrası ilə bağlı sayılmır:

27.2.1. bu Qanunun 27.1-ci maddəsində nəzərdə tutulan hallardan başqa, günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtı ərzində komandirin (rəisin) məlumatı olmadan və ya xidmət vaxtından sonra komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya digər göstərişin yerinə yetirilməsi ilə əlaqədar olmayan hallarda hərbi hissədən (xidmət yerindən) kənarda olması;

27.2.2. sərxoş vəziyyətdə olması;

27.2.3. inzibati xətanın və ya cinayətin törədilməsi.

27.3. Hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmayan və ya qanunvericiliyin tələblərinin pozulmasına gətirib çıxaran əmr, sərəncam və göstəriş vermək qadağandır. Belə əmr, sərəncam və göstəriş vermiş komandirlər və rəislər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver