28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir:
28.1.1. müddətli həqiqi hərbi xidmət;
28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti;
28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət;
28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti;
28.1.5. zabitlərin həqiqi hərbi xidməti.
28.2. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər.
28.3. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, normativ hüquqi aktlarla nəzərdə tutulmuş vəzifələri yerinə yetirirlər. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali və orta ixtisas təhsili müəssisələrinə kursant qismində qəbul edilən gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları normativ hüquqi aktlarla müvafiq heyətlər üçün müəyyən edilmiş xidmətkeçmənin xüsusiyyətləri nəzərə alınmaqla kursantların hüquqlarından istifadə edir və onların vəzifələrini yerinə yetirirlər.
28.4. Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduqlarına görə xaric edilən və ya müddətli həqiqi hərbi xidmət keçmiş şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar.
28.5. Müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunun 36.1.1-ci maddəsində müəyyən edilmiş şəxslər aiddirlər.
28.6. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir. Müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş zabitlərə hərbi biletin verilməsi həmin orqan tərəfindən həyata keçirilir. Hərbi biletlərin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.