6.1. Hər il yanvar-may ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada ilkin hərbi qeydiyyata alınmalıdırlar.
6.2. Çağırışaqədər yaş həddində olan vətəndaşlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) ilkin hərbi qeydiyyata alınarkən onların tibbi şəhadətləndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada tibbi müayinəyə, habelə hərbi xidmət müddətində daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinəyə cəlb olunurlar. Müayinə nəticəsində hərbi xidmətə müvəqqəti yararsız hesab edilənlər dövlət büdcəsinin vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilirlər. Tibb müəssisələri tərəfindən aparılmış tibbi müayinələrin nəticələri elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürülür.
6.2-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində əlilliyi müəyyən olunmuş ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların tibbi müayinəsi ilə bağlı müvafiq qərar onların əyani tibbi müayinəsi aparılmadan həmin elektron informasiya sistemində mövcud olan məlumatlar əsasında qəbul edilir. İlkin hərbi qeydiyyata alınmalı olan əlilliyi müəyyən edilmiş vətəndaşlar barəsində qərarların düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda həmin şəxslər əyani müayinəyə cəlb edildikdən sonra şəhadətləndirilir.
6.2-2. Tibbi müayinəyə cəlb olunan çağırışaqədər yaş həddində olanların qanuni nümayəndələri (valideynləri, övladlığa götürənlər və ya himayəçi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onların hansı müddətdə tibbi müayinədən keçməsi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəlməli olması barədə çağırış vərəqəsi vasitəsilə məlumatlandırılırlar. Çağırışaqədər yaş həddində olan vətəndaşlar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən tibbi müayinəyə cəlb olunan çağırışaqədər yaş həddində olanların qanuni nümayəndələri məlumatlandırılmış hesab olunur.
6.3. Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, o cümlədən təhsil müəssisələri (bundan sonra - təşkilatlar), müvafiq icra hakimiyyəti orqanı, yerli özünüidarə orqanları hər il oktyabr ayının 1-dək müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarını müvafiq icra hakimiyyəti orqanına elektron formada, elektron formada mümkün olmadıqda isə digər vasitələrlə təqdim etməlidirlər.
6.4. Müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanının çağırış vərəqəsində göstərilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər:
6.4.1. doğum haqqında şəhadətnamənin surəti;
6.4.2. ailə tərkibi haqqında arayış;
6.4.3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);
6.4.4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;
6.4.5. tərcümeyi-hal;
6.4.6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.
Qeyd. Bu Qanunun 6.4-cü maddəsində göstərilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.
6.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) ilkin hərbi qeydiyyata alınmış vətəndaşlara ilkin hərbi qeydiyyata alma komissiyasının qərarı, habelə ilkin hərbi qeydiyyata alınma haqqında digər məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron kabinet və ya digər vasitələrlə göndərilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) ilkin hərbi qeydiyyata alınmış vətəndaşlara ilkin hərbi qeydiyyata alma komissiyası tərəfindən onların hüquq və vəzifələri, ilkin hərbi qeydiyyatın qaydaları, hərbi xidmətə hazırlığın keçirilməsi qaydası, çağırışdan və hərbi xidmətdən yayınmağa görə məsuliyyət daşımaları izah olunur.