7.1. Vətəndaşlar (bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.
7.2. Hərbi vəzifəlilər (bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata durmalıdırlar.
7.3. Çağırışçılar və hərbi vəzifəlilər yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına elektron kabinet vasitəsilə (bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla), bu mümkün olmadıqda isə digər vasitələrlə məlumat verməlidirlər. Elektron kabinet vasitəsilə verilən məlumat çağırışçıların və hərbi vəzifəlilərin gücləndirilmiş elektron imzası ilə təsdiq edildikdən sonra Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir.