Qanunvericilik › Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının, təşkilatların və vəzifəli şəxslərin hərbi qeydiyyat üzrə vəzifələri

Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Dövlət orqanları, yerli özünüidarə orqanları, təşkilatlar və vəzifəli şəxslər müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən hərbi vəzifəlilərin və çağırışçıların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə onlara məlumat verməli və onların çağırış üzrə vaxtında gəlməsinə köməklik göstərməlidirlər.

8.2. Müvafiq icra hakimiyyəti orqanı:

8.2.1. hərbi vəzifəliləri və çağırışçıları yalnız onların hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyata qəbul və ya hərbi qeydiyyatdan çıxarma barədə müvafiq icra hakimiyyəti orqanının qeydləri, bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəliləri isə onların hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyatda olmaları barədə müvafiq icra hakimiyyəti orqanının qeydi olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata almalı və ya qeydiyyatdan çıxarmalı;

8.2.2. vətəndaşların hərbi xidmətə (toplanışlara) çağırılmasında, vətəndaşların hərbi qeydiyyat qaydalarına əməl etməsinə nəzarət olunmasında və hərbi vəzifəlilər və çağırışçılar sırasından müəyyən edilmiş hərbi qeydiyyat qaydalarını pozan vətəndaşların aşkara çıxarılmasında müvafiq icra hakimiyyəti orqanına köməklik göstərməli;

8.2.3. hərbi vəzifənin icrasından boyun qaçıran şəxsləri aşkar etməli;

8.2.4. müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan Respublikasının vətəndaşlarının məcburi dövlət daktiloskopik qeydiyyatını aparmalıdır.

8.3. Müvafiq icra hakimiyyəti orqanı hərbi vəzifəlilərin və çağırışçıların öz soyadının, adının, atasının adının dəyişdirilməsinin, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında onların doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsinin, habelə bu şəxslərin ölümünün qeydiyyatı barədə onların hərbi qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə məlumat verməlidir.

8.4. Cinayət təqibini həyata keçirən orqanlar barəsində cinayət işi başlanılmış hərbi vəzifəlilərə və çağırışçılara dair onların hərbi qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə məlumat verməlidir.

8.5. Cəzanı icra edən müəssisə və orqanlar hərbi vəzifəlilər və çağırışçılar haqqında məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə onların hərbi qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə məlumat verməlidirlər.

8.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi müəyyən edilmiş bütün çağırışçılar və hərbi vəzifəlilər barəsində onların hərbi qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə məlumat verməlidir.

8.7. Mənzil-istismar təşkilatlarının və yaşayış sahələrinə xidmət edən digər idarəedici təşkilatların rəhbərləri, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi, bunlar olmadıqda, binanın sahə mülkiyyətçiləri hərbi vəzifəli və ya çağırışçı olan sakinlər barədə tələb olunan məlumatları onların hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan çıxarılmasının rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat məlumatının dəqiqləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına vaxtında təqdim etməli, habelə müvafiq icra hakimiyyəti orqanına çağırılmaları barədə çağırışçılara və hərbi vəzifəlilərə vaxtında məlumat verməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver