Qanunvericilik › Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Hesablama Palatasının üzvlərinə dair tələblər

Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Hesablama Palatasının üzvləri dövlət idarəçiliyi, dövlət nəzarəti, hüquq, iqtisadiyyat və maliyyə sahələrində 5 ildən az olmayaraq iş təcrübəsinə malik olan ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları ola bilərlər.

12.2. Hesablama Palatasının üzvləri başqa dövlətlər qarşısında öhdəlikləri olan, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə məhkum olunmuş şəxslər ola bilməzlər.

12.3. Hesablama Palatasının üzvləri Azərbaycan Respublikası Milli Məclisinin Sədri, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri, Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri ilə, habelə bir-birləri ilə yaxın qohumluq əlaqəsində ola bilməzlər.

12.4. Hesablama Palatasının üzvlərinə aşağıdakılar qadağandır:

12.4.1. dövlət qurumlarında və yerli özünüidarəetmə orqanlarında əlavə ödənişli, seçkili və ya təyinatlı digər vəzifə tutmaq;

12.4.2. elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli fəaliyyət növü ilə məşğul olmaq;

12.4.3. şəxsən və ya digər şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;

12.4.4. təşkilati-hüquqi formasından asılı olmayaraq təsərrüfat subyektlərinin idarəetməsində iştirak etmək;

12.4.5. xidməti istifadə üçün nəzərdə tutulan məlumat, maddi-texniki və maliyyə təminatı vasitələrindən özünün və ya digərlərinin şəxsi məqsədləri üçün istifadə etmək;

12.4.6. Hesablama Palatasının üzvü kimi funksional fəaliyyəti ilə bağlı etdiyi çıxışlar və ya yazdığı məqalələr üçün əlavə ödəniş almaq;

12.4.7. tətillərdə və dövlət qurumlarının işini pozan digər hərəkətlərdə iştirak etmək.

12.5. Hesablama Palatasının üzvləri səlahiyyətlərini icra etdiyi müddət ərzində heç bir siyasi partiyanın üzvü ola bilməzlər. Hesablama Palatasının üzvləri vəzifəyə təyin edildiyi zaman siyasi partiyanın üzvü olduqları hallarda həmin partiyalarda üzvlüklərinə xitam verməlidirlər.

12.6. Hesablama Palatası üzvlərinin rəsmi tədbirlər zamanı verilən hədiyyələr istisna olmaqla, vəzifə səlahiyyətlərinin icrası ilə bağlı fiziki və hüquqi şəxslərdən hədiyyə qəbul etməsi qadağandır. Rəsmi tədbirlər zamanı, o cümlədən Hesablama Palatasının üzvündən asılı olmayan səbəblərdən hədiyyə verildikdə, o, həmin hədiyyəni Hesablama Palatasına təhvil verməlidir.

12.7. Hesablama Palatasının üzvləri xidməti vəzifələrinin icrası zamanı yaranmış və ya yarana biləcək maraqların toqquşması hallarının qarşısının alınması üçün tədbirlər görməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver