Qanunvericilik › Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Kənar dövlət maliyyə nəzarəti tədbirinə hazırlıq və onun planlaşdırılması

Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

21.1. Kənar dövlət maliyyə nəzarəti tədbirinin keçirilməsinə hazırlıq Hesablama Palatasının növbəti il üçün iş planının tərtib və müvafiq qaydada təsdiq olunması ilə başlanır.

21.2. Təsdiq edilmiş iş planında nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbirlərinin icra müddətindən asılı olaraq onların planlaşdırılması həyata keçirilir. Planlaşdırılma aşağıdakı fəaliyyət və prosedurlardan ibarətdir:

21.2.1. kənar dövlət maliyyə nəzarəti tədbiri keçiriləcək kənar dövlət maliyyə nəzarətinin obyekti və həmin obyektin fəaliyyəti barədə zəruri məlumatların əldə olunması;

21.2.2. kənar dövlət maliyyə nəzarəti tədbirinin məqsədinin və miqyasının müəyyənləşdirilməsi;

21.2.3. kənar dövlət maliyyə nəzarəti tədbirinin proqramının hazırlanması;

21.2.4. kənar dövlət maliyyə nəzarəti tədbirinin işçi planının tərtib olunması.

21.3. Bu qanunun 21.2.1-ci maddəsinə əsasən Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti obyektinin fəaliyyəti haqqında məlumatları, o cümlədən onun fəaliyyətini tənzimləyən qanunvericilik aktlarını, maliyyə-iqtisadi göstəricilərini və müvafiq hesabatlarını, uçot və hesabat işlərinin vəziyyətini, keçirilmiş maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə materialları, mövcud olan riskləri, fəaliyyətinə təsir edən daxili və xarici amilləri, dövlət proqramlarının və layihələrinin icrası barədə məlumatları toplayır və bu məlumatların təhlili nəticəsində kənar dövlət maliyyə nəzarəti tədbirinin əhatə edəcəyi məsələləri müəyyənləşdirir.

21.4. Bu qanunun 21.2.2-ci maddəsinə əsasən Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticəsində nail olunacaq hədəfi, eləcə də kənar dövlət maliyyə nəzarəti tədbirinin əhatə etdiyi dövrü, araşdırılacaq məsələləri və kənar dövlət maliyyə nəzarəti obyektlərini müəyyənləşdirir.

21.5. Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti tədbirini bu qanunun 21.2.3-cü maddəsinə əsasən kollegiyanın təsdiq etdiyi proqram əsasında həyata keçirir. Kənar dövlət maliyyə nəzarəti tədbirinin proqramı iş bölgüsü əsasında funksional fəaliyyət istiqaməti üzrə kənar dövlət maliyyə nəzarəti tədbirinə rəhbərliyi həyata keçirən Hesablama Palatasının üzvü tərəfindən tərtib olunur. İki və daha çox üzvün səlahiyyətinə aid məsələləri əhatə edən kənar dövlət maliyyə nəzarəti tədbiri üzrə isə vahid proqram təsdiq olunur.

21.6. Kənar dövlət maliyyə nəzarəti tədbirinin proqramında nəzarət tədbirinin keçirilməsinin əsası, nəzarət tədbirinin predmeti, keçirilmə (başlanma və başa çatdırılma) müddətləri, nəzarət tədbirini aparan qrupun tərkibi, nəzarət tədbiri ilə əhatə olunan dövr və obyektlərin siyahısı göstərilir. Kənar dövlət maliyyə nəzarəti tədbirinin keçirilmə müddəti müəyyən edilərkən obyektin xüsusiyyətləri, nəzarət tədbirinin miqyası, proqram ilə əhatə olunan məsələlərin mürəkkəbliyi, nəzarət tədbiri ilə əhatə olunan dövr nəzərə alınır.

21.7. Kənar dövlət maliyyə nəzarəti tədbirinin proqramının icrası üçün bu qanunun 21.2.4-cü maddəsinə əsasən işçi planı hazırlanır. İşçi planı kənar dövlət maliyyə nəzarətini aparacaq qrupun rəhbəri və üzvlərinin cavabdehlik sahələrini və məsuliyyətlərini dəqiqləşdirməklə, nəzarət tədbiri ilə əhatə olunan məsələlərin müfəssəl siyahısını müəyyənləşdirir.

21.8. Hesablama Palatasının vəzifəli şəxsləri maraqlar toqquşmasına səbəb ola biləcək hallarda kənar dövlət maliyyə nəzarəti tədbirinə cəlb edilə bilməzlər. Maraqlar toqquşmasına səbəb ola biləcək hallar mövcud olduqda, Hesablama Palatasının vəzifəli şəxsi nəzarət tədbirinə rəhbərliyi həyata keçirən Hesablama Palatasının üzvünə məlumat verməli və bu tədbirin keçirilməsindən kənarlaşdırılmalıdır. Maraqlar toqquşmasına səbəb ola biləcək hallar barədə öncədən məlumatı olan Hesablama Palatasının vəzifəli şəxsi bilərəkdən məlumat verməməsinə görə intizam məsuliyyəti daşıyır.

21.9. Kənar dövlət maliyyə nəzarəti tədbirini aparan qrupun üzvlərinə Hesablama Palatasının sədri, o olmadıqda isə sədr müavini tərəfindən imzalanmış vəsiqə verilir. Kənar dövlət maliyyə nəzarəti obyektinin vəzifəli şəxslərinə vəsiqə göstərilmədən nəzarət tədbirinin keçirilməsi qadağandır. Vəsiqədə nəzarət tədbirinin adı, keçirilməsinin əsası, başlanması və başa çatdırılması tarixləri, qrup rəhbərinin və üzvlərinin vəzifəsi, soyadı, adı, atasının adı və nəzarət tədbiri ilə əhatə olunan dövr göstərilməlidir.

21.10. Kənar dövlət maliyyə nəzarəti tədbirinin başlanmasından ən azı beş iş günü əvvəl kənar dövlət maliyyə nəzarətinin obyektlərinə Hesablama Palatasının sədri, o olmadıqda isə sədr müavini tərəfindən imzalanmış bildiriş göndərilir. Bildirişdə nəzarət tədbirinin proqramının təsdiq edildiyi kollegiya qərarının tarixi və nömrəsi, nəzarət tədbirinin əsası, adı, əhatə olunan dövr və müddəti göstərilir.

21.11. Hesablama Palatası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğuları əsasında iş planından kənar qaydada kənar dövlət maliyyə nəzarəti tədbirini keçirir və nəticələri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat təqdim edir. Hesablama Palatası sorğu daxil olduqdan 3 iş günü müddətində sorğuya baxmalı və kollegiya qərarını qəbul etməlidir.

21.12. Hesablama Palatası dövlətin səhmi (payı) olan hüquqi şəxslərdə kənar dövlət maliyyə nəzarətini həyata keçirərkən dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, büdcədənkənar dövlət fondlarından və məqsədli dövlət fondlarından onlara ayrılmış vəsaitlərin istifadə edilməsini yoxlayır.

21.13. Azərbaycan Respublikasının Mərkəzi Bankında kənar dövlət maliyyə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla həyata keçirilir. Kənar dövlət maliyyə nəzarəti Azərbaycan Respublikası Mərkəzi Bankının yalnız inzibati-təsərrüfat fəaliyyətini əhatə edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver