Qanunvericilik › Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. Hesablama Palatasının audit fəaliyyəti

Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

22.1. Hesablama Palatasının audit fəaliyyəti kənar dövlət maliyyə nəzarəti obyektlərinin gəlirlərinin, xərclərinin, əmlakının, öhdəliklərinin, zəmanətlərinin, digər aktiv və passivlərinin idarə olunmasının, maliyyə əməliyyatlarının, maliyyə, mühasibat, vergi və statistika uçotu hesabatlarının düzgünlüyünün və tamlığının, iqtisadi və maliyyə fəaliyyətinin qənaətliliyinin, səmərəliliyinin və nəticəliliyinin müəyyənləşdirilməsi, daxili nəzarət sistemlərinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir.

22.2. Hesablama Palatası audit fəaliyyətini aşağıdakı audit növləri əsasında həyata keçirir:

22.2.1. maliyyə auditi (maliyyə əməliyyatları və hesabatlarının uyğunluğunun, düzgünlüyünün, dürüstlüyünün və tamlığının müəyyənləşdirilməsi, maliyyə idarəçiliyi, daxili nəzarət və əlaqəli informasiya sistemlərinin qiymətləndirilməsi);

22.2.2. səmərəlilik (performans) auditi (proqram, layihə, fəaliyyət, əməliyyat, idarəetmə və informasiya sistemlərinin qənaətliliyinin, səmərəliliyinin və nəticəliliyinin müəyyənləşdirilməsi);

22.2.3. uyğunluq auditi (kənar dövlət maliyyə nəzarətinin obyektləri tərəfindən qüvvədə olan hüquqi aktların tələblərinə əməl olunması vəziyyətinin müəyyənləşdirilməsi);

22.2.4. digər audit növləri.

22.3. Auditlərin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi Hesablama Palatasının metodiki sənədləri ilə tənzimlənir.

22.4. Audit başlamazdan əvvəl audit qrupu kənar dövlət maliyyə nəzarəti tədbirinin keçirilməsi ilə bağlı bu qanunun 21.9-cu maddəsində nəzərdə tutulan vəsiqəni, audit qrupunun üzvlərinin xidməti vəsiqələrini kənar dövlət maliyyə nəzarəti obyektinin rəhbərinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, auditin hüquqi əsasları, predmeti, müddəti, audit zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.

22.5. Audit qrupu Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti sahəsinə aid olmayan məsələləri yoxlaya və həmin məsələlərlə bağlı materiallarla tanış ola bilməz.

22.6. Audit qrupunun fəaliyyətinə nəzarəti auditə rəhbərlik edən Hesablama Palatasının üzvü həyata keçirir.

22.7. Kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən audit qrupuna zəruri şərait yaradılmalı, məsul şəxslər ayrılmalı, auditin predmetinə aid tələb olunan digər tədbirlər həyata keçirilməlidir. Audit qrupu texniki vasitələrdən (audio, video və foto avadanlıqlarından, surətçıxaran və skanerlərdən) istifadə etməzdən əvvəl bu barədə kənar dövlət maliyyə nəzarəti obyektinin rəhbərinə və ya onun nümayəndəsinə yazılı formada və onların imzası alınmaqla məlumat verməlidir. Kənar dövlət maliyyə nəzarəti obyektinin rəhbəri və ya onun nümayəndəsi məlumatın alınması faktını imzası ilə təsdiqləməkdən imtina etdikdə audit qrupu tərəfindən imtina aktı tərtib edilir və bu barədə hesabatda müvafiq qeydlər aparılır. Bu hal audit qrupunun texniki vasitələrdən istifadə etmək hüququnu aradan qaldırmır.

22.8. Audit zamanı ciddi maliyyə pozuntuları, habelə sənədlərin saxtalaşdırılması və təhrif olunması halları aşkar edilərsə, belə halların gizlədilməsinin və ya davam etməsinin qarşısının alınması məqsədilə kənar dövlət maliyyə nəzarəti obyektinin səlahiyyətli nümayəndəsinin iştirakı ilə audit qrupu tərəfindən sənədlərin adı və vərəqlərinin sayı göstərilməklə akt tərtib edilir və onun əsasında sənədlərin əsli götürülür. Bu zaman aktda müvafiq qeydlər aparılmaqla, həmin sənədlərin təsdiq edilmiş surətləri, habelə siyahısı kənar dövlət maliyyə nəzarətinin obyektində saxlanılır. Aktın bir nüsxəsi kənar dövlət maliyyə nəzarəti obyektinin rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edilir. Kənar dövlət maliyyə nəzarəti obyektinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi aktı qəbul etməkdən imtina etdikdə bu barədə audit qrupu tərəfindən imtina aktı tərtib edilir və auditin yekunu üzrə hesabatda müvafiq qeydlər aparılır.

22.9. Audit zamanı aşkar edilmiş kənarlaşma hallarına dair sənədlərə və sübutlara müdaxilə olunmasının qarşısını almaq məqsədilə audit qrupu tərəfindən kənar dövlət maliyyə nəzarəti obyektinin səlahiyyətli nümayəndəsinin iştirakı ilə akt tərtib edilməklə kassalar, anbar və arxivlər möhürlənir. Möhürlənmiş kassalar, anbar və arxivlərdən möhürün açılması hüququ audit qrupuna aiddir və bu barədə həmin aktda müvafiq qeydlər aparılır. Aktın bir nüsxəsi kənar dövlət maliyyə nəzarəti obyektinin rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edilir. Kənar dövlət maliyyə nəzarəti obyektinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi aktı qəbul etməkdən imtina etdikdə, bu qanunun 22.8-ci maddəsinin dördüncü cümləsində müəyyən edilmiş tədbirlər görülür. Kassalar, anbar və arxivlərin möhürlənməsi həmin sahələrdə nəzarət tədbiri bitdikdən və nəticəsi aktlaşdırıldıqdan sonra açılmalıdır. Möhürlənmə auditin başa çatması tarixindən artıq müddətə davam edə bilməz.

22.10. Bu qanunun 22.8-ci və 22.9-cu maddələrində göstərilən hallarda audit qrupu kənar dövlət maliyyə nəzarəti obyektinin fəaliyyəti ilə bağlı vəzifələrinin yerinə yetirilməsinə və hüquqlarının həyata keçirilməsinə şərait yaratmalı və buna maneə törətməməlidir.

22.11. Audit qrupu tərəfindən auditə dair hesabat tərtib edilir. Audit zamanı aşkar edilmiş faktlar hesabatda aydın və dəqiq göstərilir. Hesabat audit qrupunun bütün üzvləri tərəfindən imzalanır və bir nüsxəsi kənar dövlət maliyyə nəzarətinin obyektinə təqdim edilir.

22.12. Kənar dövlət maliyyə nəzarətinin obyekti auditə dair tərtib edilmiş hesabatla tanış olmalı, bununla əlaqədar qeyd, irad və rəyini hesabatın təqdim edildiyi tarixdən 10 gün müddətində yazılı şəkildə bildirməlidir. Kənar dövlət maliyyə nəzarəti obyektinin qeyd, irad və rəyi hesabata əlavə olunur. Kənar dövlət maliyyə nəzarəti obyektinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi hesabatı qəbul etməkdən və qeyd, irad və rəy bildirməkdən imtina etdikdə, bu barədə audit qrupu tərəfindən hesabatda müvafiq qeydlər aparılır və hesabatın surəti onun alınmasını təsdiq edən istənilən vasitə ilə kənar dövlət maliyyə nəzarətinin obyektinə göndərilir. Kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən audit hesabatı ilə bağlı qeyd, irad və rəyin bildirilməsinin son günündən 5 iş günü ərzində hesabatla bağlı qeyd, irad və rəyin Hesablama Palatasına təqdim edilməməsi kənar dövlət maliyyə nəzarətinin obyektinin rəhbəri tərəfindən həmin hesabatla razı olma kimi qiymətləndirilir.

22.13. Auditin nəticələri üzrə auditə rəhbərliyi həyata keçirən Hesablama Palatasının üzvü tərəfindən auditor hesabatı tərtib edilir. Auditor hesabatı auditə rəhbərliyi həyata keçirən Hesablama Palatası üzvünün auditin nəticələri əsasında qiymətləndirici qənaətlərini və mövqeyini əks etdirən, rəyini ifadə edən sənəddir. Auditor hesabatında kənar dövlət maliyyə nəzarəti tədbirinin keçirilməsinin əsası, məqsədi, predmeti və obyekti, öyrənilmiş sənədlərin, alınması barədə müraciət edilmiş və təqdim edilməsindən imtina edilmiş sənədlərin siyahısı, auditin keçirilməsinə maneçilik törədilməsi halları və onların baş verməsində təqsirkar olan vəzifəli şəxslər, audit zamanı aşkar edilmiş pozuntular barədə məlumatlar əks olunur. Auditə rəhbərliyi həyata keçirən Hesablama Palatasının üzvü auditor hesabatında nəzarət tədbirinin predmetinə aid sahədə qanunvericiliyin təkmilləşdirilməsi, funksional idarəetmədə mövcud olan boşluqların aradan qaldırılması, hüquq pozuntuları nəticəsində dövlətə dəyən zərərin ödənilməsi, qanunsuz xərclər və cinayət tərkibinin olduğu ehtimal edilən faktlar üzrə materialların hüquq mühafizə orqanlarına göndərilməsi, dövlət vəsaitindən və digər dövlət əmlakından səmərəsiz və təyinatdan kənar məqsədlərlə istifadəsinin qarşısının alınması üçün görülməli olan tədbirlərin xarakteri və məzmunu barədə təkliflərini bildirir və sonda aşkar edilmiş faktlara və kənar dövlət maliyyə nəzarətinin obyektinin fəaliyyətinə auditor qiymətləndirməsini həyata keçirir və müvafiq təkliflərini verir.

22.14. Auditə rəhbərliyi həyata keçirən Hesablama Palatasının üzvü auditor hesabatını Hesablama Palatasının kollegiyasının müzakirəsinə çıxarılması üçün Hesablama Palatasının sədrinə təqdim edir. Hesablama Palatasının kollegiyası auditor hesabatına münasibət bildirir, aşkar edilmiş nöqsan, çatışmazlıq və hüquq pozuntularının aradan qaldırılması, tələblərin, tövsiyələrin və təkliflərin yerinə yetirilməsi üzrə aidiyyəti tərəfləri müəyyənləşdirir və müvafiq qərarlar qəbul edir.

22.15. Audit qrupunun üzvləri auditin nəticələri üzrə Hesablama Palatasının kollegiyası tərəfindən qərar qəbul edilənədək həmin nəticələri elan edə bilməzlər.

22.16. Hesablama Palatası tərəfindən auditin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilir. Audit müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında həyata keçirildikdə nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) da məlumat təqdim olunmalıdır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarda (qurumlarda) həyata keçirilən auditin nəticəsi barədə Hesablama Palatası tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) illik məlumat təqdim olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver