Heyvanlar aləmindən istifadə mülkiyyət, ümumi və xüsusi istifadə hüquqları əsasında həyata keçirilir.
Heyvanlar aləmindən ümumi istifadə, “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda balıq və digər su bioresurslarının ovu istisna olmaqla, vəhşi heyvanları təbii mühitdən ayırmadan insanların həyati vacib tələbatlarını (estetik, sağlamlıq, turizm və rekreasiya və s.) təmin etmək məqsədilə ödənişsiz həyata keçirilir.
Heyvanlar aləmindən ümumi istifadə zamanı vəhşi heyvanlar məhv edilməməli, onların yaşayış mühitinə və nəsilartırma yerlərinə ziyan vurulması qadağan edilir.
Heyvanlar aləmindən xüsusi istifadəyə vəhşi heyvanları təbii mühitdən ayırmaqla həyata keçirilən bütün istifadə növləri aid edilir.
Heyvanlar aləmindən xüsusi istifadə ödənişlidir və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən xüsusi icazə sənədləri əsasında həyata keçirilir.
Bu tələblər su obyektlərinin, torpaq və meşə mülkiyyətçilərinin və istifadəçilərinin ərazilərində məskunlaşan heyvanlar aləminin obyektlərinə də şamil edilir.
Heyvanlar aləmindən ümumi və xüsusi istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.