Qanunvericilik › Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. hidrotexniki qurğu - su anbarları, bəndlər, magistral sunəqledici kəmərlər, su elektrik stansiyaları, sutullayıcı, suburaxıcı, suqəbuledici, sudurulducu, suötürücü, su nasosxanaları, tunellər, kanallar, kollektorlar, səviyyəəlaqələndirici, sahilqoruyucu, sahilbərkidici, məcranizamlayıcı, balıqburaxan və balıqqoruyucu, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğuları (estakadalar, estakadayanı meydançalar, stasionar dəniz platformaları, su mühiti ilə qarşılıqlı təsirdə olan, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi və gəmilərin dayanması üçün nəzərdə tutulmuş mühəndis-texniki qurğular, gəmiburaxan şlyüzlər), habelə yeraltı və yerüstü su ehtiyatlarından istifadə etmək və suyun zərərli təsirlərinin qarşısını almaq üçün istifadə olunan digər xüsusi mühəndis-texniki qurğular;

1.0.2. hidrotexniki qurğunun təhlükəsizliyi - hidrotexniki qurğunun qəzaya uğraması və zədələnməsi nəticəsində yarana biləcək fəlakətlərdən və təhlükəli hadisələrdən insanların həyatının, sağlamlığının, dövlətin əmlak maraqlarının, ətraf mühitin və təsərrüfat obyektlərinin mühafizəsini təmin edən xüsusiyyətləri;

1.0.3. hidrotexniki qurğunun təhlükəsizliyinin qiymətləndirilməsi - hidrotexniki qurğunun texniki vəziyyətinin və istismar heyətinin ixtisas dərəcəsinin bu Qanunla və digər müvafiq normativ hüquqi aktlarla müəyyən olunan norma və qaydalara uyğunluğunun müəyyənləşdirilməsi;

1.0.4. hidrotexniki qurğunun təhlükəsizliyi meyarları - hidrotexniki qurğunun davamlılığının və texniki vəziyyətinin, eləcə də istismar şərtlərinin qurğuda qəza baş verməsinin yol verilə bilən risk həddinə uyğun gələn kəmiyyət və keyfiyyət göstəricilərinin son həddi;

1.0.5. hidrotexniki qurğunun təhlükəsizliyinin təmin olunması - hidrotexniki qurğuda qəza baş verməsinin qarşısının alınması üzrə kompleks tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi;

1.0.6. hidrotexniki qurğunun təhlükəsizlik bəyannaməsi - hidrotexniki qurğunun təhlükəsizliyini əsaslandıran və təhlükəsizliyin təmin edilməsi tədbirlərini özündə əks etdirən sənəd;

1.0.7. hidrotexniki qurğunun mülkiyyətçisi - hidrotexniki qurğuya sahiblik etmək, onun barəsində sərəncam vermək və ondan istifadəyə icazə vermək hüququ olan hüquqi və ya fiziki şəxs;

1.0.8. hidrotexniki qurğunun istismarçısı - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təsərrüfat yaxud sahibkarlıq fəaliyyəti məqsədi ilə hidrotexniki qurğunu istismar edən hüquqi və ya fiziki şəxs;

1.0.9. fövqəladə hal - hidrotexniki qurğuda baş verən qəza və zədələnmə nəticəsində müəyyən bir ərazidə insanların həyatına, sağlamlığına, əmlakına, ətraf mühitə və təsərrüfat obyektlərinə zərər dəyməsinə, habelə maddi itkilərə səbəb olan vəziyyət.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver