Qanunvericilik › Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunması sahəsində qurğu mülkiyyətçisinin və istismarçısının vəzifələri

Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunması sahəsində qurğu mülkiyyətçisinin və istismarçısının vəzifələri aşağıdakılardır:

8.1.1. qurğunun tikintisi, istismara verilməsi, istismarı, təmiri, yenidən qurulması, istismardan çıxarılması və konservasiyası zamanı təhlükəsizlik norma və qaydalarına riayət edilməsini təmin etmək;

8.1.2. qurğunun istismarını mövcud qanunvericiliyə uyğun təşkil etmək, istismar heyətinin ixtisas dərəcəsinin artırılmasını təmin etmək;

8.1.3. qurğunun texniki vəziyyətinə müntəzəm nəzarət etmək, fasiləsiz monitorinq aparmaq, onların nəticələrini təhlil etmək, əldə olunmuş məlumatlar əsasında qurğuların təhlükəsizliyini, təbii və texnogen hadisələrin zərərli təsirini proqnozlaşdırmaq və qiymətləndirmək;

8.1.4. qurğuda fövqəladə vəziyyətin yarandığını xəbər verən yerli xəbərdarlıq sisteminin daim işlək vəziyyətdə olmasını təmin etmək;

8.1.5. qurğunun texniki vəziyyətinə nəzarət sistemi yaratmaq, onu daim təkmilləşdirmək və işlək vəziyyətdə olmasını təmin etmək;

8.1.6. qurğuda qəza baş verməsi ehtimalı yarandığı hallarda müvafiq icra hakimiyyəti orqanlarını, bələdiyyələri və əhalini xəbərdar etmək, baş verə biləcək qəzanın aradan qaldırılması üzrə təkliflər vermək və tədbirlər görmək;

8.1.7. qurğunun təhlükəsizliyinə mənfi təsir göstərən səbəblərin müntəzəm təhlili, onun texniki cəhətdən saz və təhlükəsiz olmasının təmin edilməsi, habelə qurğuda qəza baş verməsinin qarşısının alınması üzrə vaxtında lazımi tədbirlər işləyib həyata keçirmək;

8.1.8. qurğuda qəzanın qarşısının alınması məsələləri üzrə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələrlə qarşılıqlı əlaqələr yaratmaq, qəza təhlükəsi və qurğunun dağılma qorxusu reallaşdıqda ərazidə məskunlaşan əhalinin və təşkilatların subasma zonasından çıxarılmasına yardım etmək;

8.1.9. dövlət nəzarət orqanları tərəfindən aşkar edilən təhlükəsizlik norma və qayda pozuntularını vaxtında aradan qaldırmaq;

8.1.10. qurğunun təhlükəsiz istismarı, qəza hadisələrinin baş verməməsi və qəzanın nəticələrinin aradan qaldırılması üçün müvafiq maliyyə və material ehtiyatları yaratmaq.

8.2. Hidrotexniki qurğunun mülkiyyətçisi və istismarçısı onun təhlükəsizliyinə öz səlahiyyətləri daxilində cavabdehdirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver