14.1. Fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün aşağıdakı hallar hesab edilir:
14.1.1. şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması;
14.1.2. şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsi (əlillik);
14.1.3. şəxsin ölümü.
14.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir:
14.2.1. zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi — 100 faiz;
14.2.2. zərərçəkənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsi — 100 faiz;
14.2.3. zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyinin müəyyən olunması:
14.2.3.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz;
14.2.3.2. orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz;
14.2.3.3. orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz;
14.2.4. əlillik müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz;
14.2.5. yüngül xəsarət alması – 15 faiz.
14.3. Bu Qanunun və ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunların məqsədləri üçün ağır, az ağır və yüngül xəsarət növlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.