13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.
13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.
13.3. Bu Qanunun məqsədləri üçün fərdi qəzadan icbari sığortada müvafiq sığorta müqaviləsində müəyyən edilmiş hallarda baş verən fərdi qəza nəticəsində sığorta olunanın sağlamlığına zərər dəyməsi sığorta hadisəsi sayılır.
13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur.
13.5. Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat sığortaçıya şifahi qaydada verildikdə, şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü müddətində sığortaçı yazılı sığorta tələbinin formasını sığorta olunana və (və ya) faydalanan şəxsə təqdim etməlidir.