Qanunvericilik › İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 23

Maddə 23. Sığortaçının hüquq və vəzifələri

İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

23.1. Sığortaçının aşağıdakı hüquqları vardır:

23.1.1. sığorta müqaviləsi bağlayarkən, sığorta riskini qiymətləndirərkən lazım olan müvafiq məlumatları və sənədləri sığortalıdan və ya sığorta olunandan tələb etmək, habelə icbari sığorta müqaviləsinin aid olduğu əmlaka baxış keçirmək;

23.1.2. icbari sığorta haqlarını almaq;

23.1.3. sığorta müqaviləsinin aid olduğu sahələrə (binalara, tikililərə və s.) daxil olmaq, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat aldıqdan sonra hadisənin baş vermə səbəblərini araşdırmaq, o cümlədən hadisəyə səbəb olmuş əmlaka baxış keçirmək, yaxud şəxsdən izahat almaq və ya bu məqsədlə ekspertlər dəvət etmək;

23.1.4. sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən etmək, bu məqsədlə ekspertlər dəvət etmək, bunun üçün sığortalıdan və (və ya) sığorta olunandan lazımi məlumatlar almaq;

23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək;

23.1.7. sığorta ödənişi verməsi ilə bağlı maraqlarından irəli gələn hallarda sığortalını və ya sığorta olunanı məhkəmədə təmsil etmək;

23.1.8. bu Qanunda, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqlar.

23.2. Sığortaçının vəzifələri aşağıdakılardır:

23.2.1. sığortalını və sığorta olunanı müvafiq icbari sığortanın şərtləri, onun icbarı sığorta müqaviləsindən irəli gələn hüquq və vəzifələri ilə tanış etmək və bu zaman sığortalıya sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyi, sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks etdirən, hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş yaddaş vərəqəsini vermək;

23.2.2. sığorta riskini özü və ya nümayəndəsi, o cümlədən Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər və ya müstəqil ekspertlər vasitəsilə qiymətləndirmək;

23.2.3. sığortalılardan sığorta haqqını aldıqdan sonra sığorta şəhadətnaməsini bu Qanunla müəyyən edilmiş müddətdə vermək;

23.2.4. bu Qanunla nəzərdə tutulmuş hallarda sığorta müqaviləsinə dəyişikliklər etmək;

23.2.5. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat aldıqda, onu dərhal qeydiyyata almaq;

23.2.6. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat aldıqdan ən geci 3 iş günü ərzində bu hadisənin baş verməsi faktını təsdiq edən sənədləri almaq üçün müvafiq səlahiyyətli orqanlara, idarə və ya təşkilatlara sorğu vermək;

23.2.7. müvafiq səlahiyyətli orqan, idarə, müəssisə və ya təşkilatlardan dəymiş zərərin dərəcəsi və ya miqdarı barədə arayışları və digər sənədləri almaq üçün yazılı müraciət etmək;

23.2.8. bu Qanunda, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

23.3. Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver