53.1. Qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak, yaxud icra sənədində satılmalı əmlakın müəyyən edildiyi hal istisna olmaqla, üzərinə həbs qoyulmuş əmlak və ya ipoteka predmeti həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, qiymətləndiricinin hesabatında göstərilən bazar dəyəri ilə tələbkara təklif olunur.
53.1-1. Üzərinə həbs qoyulmuş əmlakı və ya ipoteka predmetini əldə etmək təklifini alan tələbkar 7 iş günü ərzində həmin əmlakın qəbulu ilə bağlı iradə ifadəsini bildirməli və bu hal tələbkar və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməlidir. Həmin protokol imzalandıqdan sonra dərhal “Elektron icra” informasiya sistemi vasitəsilə “Elektron notariat” informasiya sisteminə göndərilir və tələbkar daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqlarını protokolun “Elektron notariat” informasiya sisteminə göndərildiyi gündən 5 iş günü müddətində rəsmiləşdirə bilər. Əmlakın bazar qiyməti tələbkarın tələbindən artıq olduqda, tələbkar aradakı fərqi ödəyir və həmin artıq olan vəsait bu Qanunun 74-cü maddəsində müəyyən edilmiş borcludan tutulmuş pul məbləğinin bölüşdürülməsi qaydasına uyğun olaraq bölüşdürülür və bütün tələblər təmin olunduqdan sonra qalan pul məbləği borcluya qaytarılır.
53.1-2. Tələbkar tərəfindən qəbul edilən daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqların rəsmiləşdirilməsi həmin protokol əsasında “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə uyğun olaraq həyata keçirilir. Digər əmlakın tələbkara verilməsi icra məmurunun qərarı ilə rəsmiləşdirilir.
53.1-3. Tələbkar imtina etdikdə və ya bu Qanunun 53.1-1-ci maddəsində müəyyənləşdirilmiş müddət ötürüldükdə daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak tələbkarın imtina etdiyi, yaxud müddətin ötürüldüyü gündən 3 ay müddətində satılmalıdır.
53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı elektron hərrac yolu ilə satılır. Dəyəri 5000 manatdan az olan daşınar əmlak “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müəyyən edilən elektron ticarət platformaları vasitəsilə də satıla bilər.
Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakının hərrac yolu ilə satılması vergi orqanının sifarişi əsasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə həyata keçirilir.
Vergi borcuna görə siyahıya alınmış dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
53.2-1. Üzərinə həbs qoyulmuş əmlakın tələbkar tərəfindən qəbul edilmədiyi, yaxud verilmiş müddətin ötürüldüyü hallarda bu barədə icra məmuru tərəfindən dərhal borcluya məlumat verilir və borclu 3 gün müddətində onu şəxsən açıq bazarda satmaq üçün icra məmuruna müraciət edə bilər. Borclu həmin əmlakın (ipoteka predmeti olan əmlak istisna olmaqla) şəxsən açıq bazarda satılması üçün icra məmuruna müraciət etdikdə, icra məmuru 1 iş günü müddətində bu barədə qərar qəbul edir və borcluya əmlakın qiymətləndiricinin hesabatında göstərilən dəyərinin 80 faizindən az olmayan qiymətə satılmalı olduğunu izah edir. Üzərinə həbs qoyulmuş əmlak notarius vasitəsilə rəsmiləşdirilən alqı-satqı müqaviləsi əsasında satılmalı olduqda qəbul edilmiş qərar “Elektron icra” informasiya sistemindən “Elektron notariat” informasiya sisteminə göndərilir.
53.2-2. Əmlakın (ipoteka predmeti olan əmlak istisna olmaqla) açıq bazarda satılması üçün 2 ay müddət müəyyən edilir. Həmin müddət bu Qanunun 53.1-3-cü maddəsində əmlakın satılması üçün müəyyən edilən müddətə daxil edilmir. Əmlak müəyyən edilən müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına köçürür. Notarius vasitəsilə rəsmiləşdirilməyən alqı-satqı əməliyyatları birbaşa icra məmurunun nəzarəti altında təşkil olunur və həmin əməliyyatlar üzrə ödənişlər bilavasitə icra xidmətinin depozit hesabına köçürülür.
53.3. Əmlak bu Qanunun 53.2-2-ci maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada borclu tərəfindən satılmadıqda həmin əmlak elektron hərraca çıxarılır.
53.4. Üzərinə həbs qoyulmuş dövlət əmlakı icra məmurunun sifarişi əsasında yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərrac təşkilatı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada satılır.