Qanunvericilik › İcra haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 62

Maddə 62. Elektron hərracın keçirilməsi qaydası və nəticələri

İcra haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

62.1. Elektron hərrac avtomatlaşdırılmış qaydada açıq auksion formasında keçirilir.

62.2. Bu Qanunun 50.6-cı maddəsinin ikinci abzasında göstərilən məhsullar istisna olmaqla, sifariş formalaşdırıldığı gündən 30 təqvim günündən gec olmayaraq ilk elektron hərrac, ilk elektron hərrac baş tutmadığı, yaxud onun nəticələri ləğv olunduğu gündən 10 təqvim günündən gec olmayaraq təkrar elektron hərrac keçirilir.

62.3. Bu Qanunun 50.6-cı maddəsinin ikinci abzasında göstərilən məhsullar elektron hərraca çıxarıldıqda, sifariş formalaşdırıldığı gündən 5 təqvim günündən gec olmayaraq ilk elektron hərrac, ilk elektron hərrac baş tutmadığı, yaxud onun nəticələri ləğv olunduğu gündən 3 təqvim günündən tez və 5 təqvim günündən gec olmayaraq təkrar elektron hərrac keçirilir.

62.4. Elektron hərracda mülki hüquq fəaliyyət qabiliyyətli fiziki şəxslər (o cümlədən tələbkar və borclu) və hüquqi şəxslər iştirak edə bilərlər.

62.5. Elektron hərracda iştirak etmək istəyən şəxslər iştirak haqqını və beh məbləğini ödəməli və ya beh məbləğində bank qarantiyasını təqdim etməlidirlər.

62.6. Elektron hərracda iştirak üçün behin məbləği daşınmaz əmlaka münasibətdə minimum satış qiymətinin 5 faizi (lakin 30.000 manatdan çox olmamaqla), daşınar əmlaka münasibətdə isə həmin qiymətin 10 faizi (lakin 5000 manatdan çox olmamaqla) həcmində müəyyən edilir.

62.7. Elektron hərracın keçirilməsinə 1 iş günü qalanadək iştirakçılara icra məmuru tərəfindən satışa çıxarılan əmlakla tanış olmaq üçün imkan yaradılır.

62.8. İlk elektron hərracın keçirilməsi zamanı satışa çıxarılan əmlakın bazar qiymətinin azı 85 faizini (minimum satış qiyməti), təkrar elektron hərracda isə azı 65 faizini (minimum satış qiyməti) təşkil edən təklif verildikdə elektron hərrac baş tutmuş hesab edilir.

62.9. Elektron hərraca çıxarılan əmlakı almağı yalnız bir iştirakçı təklif etdikdə həmin iştirakçı, iki və ya daha çox iştirakçı təklif etdikdə isə ən yüksək məbləği təklif edən iştirakçı elektron hərracın qalibi hesab edilir.

62.10. Elektron hərrac baş tutmadıqda, şəxsin hərracın iştirakçısı kimi qeydə alınmasından imtina edildikdə, qeydə alınmış iştirakçı elektron hərracda iştirakdan özü imtina etdikdə, habelə hərracda iştirak edən, lakin onu udmayan iştirakçıların beh məbləğləri 5 iş günü müddətində geri qaytarılır.

62.11. Elektron hərrac başa çatdıqdan dərhal sonra onun nəticələri haqqında avtomatik olaraq protokol tərtib edilir. Protokol müqavilə qüvvəsinə malikdir.

62.12. Protokol imzalandığı vaxtdan ən geci 7 iş günü müddətində elektron hərracın qalibi əmlakın satış qiymətini icra xidmətinin depozit hesabına köçürməlidir.

62.13. Elektron hərracın qalibi əmlakın satış qiymətini və qanunla müəyyən olunmuş ödənişləri (vergilər istisna olmaqla) bu Qanunun 62.12-ci maddəsində müəyyən edilmiş müddətdə ödəmədikdə və ya protokolu imzalamaqdan imtina etdikdə beh məbləği qaytarılmır və o, elektron hərracın qalibi statusunu itirir. Bu halda növbəti yuxarı qiymət təklif etmiş şəxs (olduğu halda) elektron hərracın qalibi hesab edilir.

62.14. Elektron hərracda növbəti yuxarı qiymət təklif etmiş iştirakçı 3 təqvim günü müddətində özünün təklif etdiyi qiymətə elektron hərrac predmeti olan əmlakı almağa razılığını bildirə və elektron hərracın predmeti olan əmlakın elektron hərrac qalibi tərəfindən alınması üçün müəyyən edilmiş prosedura uyğun ala bilər.

62.15. İkinci ən yuxarı qiymət təklif etmiş şəxs əmlakı almaqdan imtina etdikdə, yaxud əmlakı almağa razılığını bildirdikdən sonra bu Qanunun 62.12-ci maddəsində müəyyən edilmiş müddətdə əmlakın satış qiymətini tam ödəmədikdə sıra ilə növbəti yuxarı qiymət təklif etmiş şəxslərə eyni qayda tətbiq olunur.

62.16. Növbəti yuxarı qiyməti təklif etmiş digər iştirakçılar da əmlakı almaqdan imtina etdiyi, yaxud əmlakın satış qiymətini bu Qanunun 62.12-ci maddəsində müəyyən edilmiş müddətdə ödəmədiyi halda elektron hərracın nəticələri avtomatik olaraq ləğv olunur.

62.17. Elektron hərracın qalibinin daşınmaz əmlak və ya rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə elektron hərracın nəticələri barədə protokol “Elektron icra” informasiya sistemindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq reyestrlərə ötürülür və həmin gün elektron hərracın qalibinə bu barədə bildiriş göndərilir.

62.18. aşağıdakı hallarda elektron hərrac baş tutmamış sayılır:

62.18.1. elektron hərracın iştirakçısı olmadıqda;

62.18.2. elektron hərracda iştirak edən şəxs (şəxslər) tərəfindən elektron hərrac bitənədək bu Qanunun 62.8-ci maddəsinə uyğun təklif verilmədikdə;

62.18.3. icra məmuru bu Qanunun 17.1-ci, 20.1-ci və 23.1.1-ci maddələri ilə müəyyən edilən hallarda icra sənədi üzrə icraatı elektron hərracın nəticələrinə dair protokol tərtib edilənədək dayandırdıqda, icraata xitam verilməsi barədə, yaxud icra sənədinin qaytarılması barədə qərar qəbul etdikdə.

62.19. Elektron hərracın keçirilməsi qaydası, elektron hərracda iştirak haqqı və elektron hərracın keçirilməsi ilə bağlı xərclərin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

62.20. Təkrar elektron hərracda satılmayan əmlak bu Qanunun 53.1-1-ci və 53.1-2-ci maddələrində göstərilən tələblər tətbiq olunmaqla onun bazar qiymətinin 65 faizi həcmində yenidən tələbkara təklif olunur. Tələbkar hərracda satılmayan əmlakı qəbul etməkdən imtina etdikdə və ya bu Qanunun 53.1-1-ci maddəsində müəyyən edilmiş müddət ötürüldükdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.

62.21. Bu Qanunun 17.1.10-cu maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılması və ya bu Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin qaytarılması barədə tələbkarın müvafiq xahişi (ərizəsi) təqdim olunduğu vaxt borclunun tələb yönəldilmiş əmlakının hərracda satılması üçün sifariş formalaşdırıldığı halda, bu Qanunun 19.2-1-ci və 23.3-1-ci maddələri nəzərə alınmaqla sifariş ləğv edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver