Qanunvericilik › İcra haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 61

Maddə 61. Elektron hərracların keçirilməsi barədə sifariş

İcra haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

61.1. İcra məmuru aşağıdakı halların baş verdiyi gündən 3 iş günü müddətində əmlakın elektron hərracda satılması üçün “Elektron icra” informasiya sistemi vasitəsilə sifariş formalaşdırır:

61.1.1. bu Qanunun 53.2-1-ci maddəsində müəyyən edilən müddətdə borclunun müraciət etməməsi;

61.1.2. borcluya əmlakın açıq bazarda satılması üçün verilmiş müddətdə əmlakın satılmaması;

61.1.3. tələbkara təklif edilməli olmayan əmlaka dair qiymətləndirmənin nəticələri haqqında hesabatın icra məmuruna təqdim edilməsi, belə əmlakın qiyməti icra sənədində göstərildikdə isə icra sənədinin könüllü icrası üçün verilmiş müddətin başa çatması.

61.3. Sifarişə aşağıdakılar barədə məlumatlar və sənədlər (elektron formada) əlavə edilir:

61.3.1. elektron hərraca çıxarılan əmlakın bazar qiyməti;

61.3.2. icra sənədi;

61.3.3. əmlak üzərinə həbs qoyulması barədə sənəd;

61.3.4. daşınmaz əmlak və ya rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlak satıldıqda, həmin əmlaka dair hüquqmüəyyənedici və texniki sənədlər;

61.3.5. ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər;

61.3.6. əmlakı ətraflı təsvir edən video və ya foto görüntü;

61.3.7. əmlakın satış qiymətinin, bu Qanunda nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödəniləcəyi icra xidmətinin depozit hesabına dair məlumat.

61.4. Uzunmüddətli icarə hüququ elektron hərraca çıxarıldıqda, bu Qanunun 61.3.1 - 61.3.7-ci maddələrində göstərilən sənədlərə (məlumatlara) icra məmuru tərəfindən aşağıdakılar da əlavə edilir:

61.4.1. icarə müqaviləsinin surəti;

61.4.2. icarə müqaviləsinin qeydiyyatını təsdiq edən sənədin surəti;

61.4.3. tələbin uzunmüddətli icarə hüququna yönəldilməsinə icarəyə verənin razılığını təsdiq edən sənədin surəti və ya icarəçi icarə hüququnu hərrac nəticəsində əldə etdikdə, uzunmüddətli icarə hüququnun icarəçiyə keçməsini təsdiq edən sənədin surəti.

61.5. Tikintisi başa çatmamış obyekt üzərində hüquq satıldıqda, bu Qanunun 61.3.1 - 61.3.7-ci maddələrində göstərilən sənədlərə (məlumatlara) icra məmuru tərəfindən aşağıdakılarda əlavə edilir:

61.5.1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;

61.5.2. tikintiyə icazə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver