Qanunvericilik › İcra haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 84-2

Maddə 84-2. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

İcra haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

84-2.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını bu Qanunla müəyyən olunmuş müddətdə qərəzli olaraq icra etməyən və ya həmin məhkəmə qərarlarının icrasına maneçilik törədən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb olunurlar.

84-2.2. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına münasibətdə icra məmurları icraata başlamaq haqqında qərarın surətini onun qəbul edildiyi gün ərzində, aidiyyəti üzrə digər icra qurumuna göndərilən və ya icrası mümkün olmadığı üçün məhkəməyə geri qaytarılan icra sənədləri barədə məlumatları isə onların aidiyyəti üzrə göndərildiyi və ya geri qaytarıldığı vaxtdan bir gün müddətində elektron formada aidiyyəti vergi orqanına təqdim edirlər.

84-2.3. İcra məmurları vergi orqanlarının müraciətlərinə əsasən bu Qanunun 84-2.1-ci maddəsində qeyd olunan faktlara dair onlara məlum olan bütün məlumatları və əldə etdikləri sənədləri on beş gün müddətində aidiyyəti üzrə təqdim etməyə borcludurlar. Əlavə araşdırma tələb olunduğu hallarda bu müddət on beş gün uzadıla bilər.

84-2.4. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına münasibətdə bu Qanunun 82.3-cü maddəsinə və 84.4-cü maddəsinə (qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları ilə bağlı) əsasən ibtidai istintaqın aparılması üçün vergi orqanlarına icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimatın verilməsi tələb olunmur.

84-2.5. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını bu Qanunla müəyyən olunmuş müddətdə qərəzli olaraq icra etməmə faktı müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqan tərəfindən müəyyən olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver