17.1. Yayım şurası proqramların yayımı zamanı Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl edilməsi üzərində nəzarəti həyata keçirən və bu sahədə həlledici qərarlar qəbul etmək səlahiyyətinə malik olan nəzarətedici orqan kimi yaradılır.
17.2. Yayım şurasının üzvlüyünə aşağıdakı təşkilatlar (təşkilatlar qrupu) hər biri ümumi yığıncaqda sadə səs çoxluğu ilə iki namizəd irəli sürür və təsdiq edilmək üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edirlər:
17.2.1. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası;
17.2.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat;
17.2.3. Mətbuat Şurası;
17.2.4. Sahibkarlar Şurası;
17.2.5. gənclər təşkilatları;
17.2.6. qadın cəmiyyətləri;
17.2.7. idman federasiyaları;
17.2.8. dini konfessiyalar;
17.2.9. yaradıcılıq təşkilatları.
17.3. Bu Qanunun 17.2.5-17.2.9-cu maddələrində göstərilən təşkilatlar qrupu namizəd seçmək üçün hər birindən bərabər sayda nümayəndə olmaqla birgə ümumi yığıncaq keçirir, namizədlər bu yığıncaqda sadə səs çoxluğu ilə seçilirlər. Əgər birgə ümumi yığıncaq vahid namizədlər seçmək üçün razılığa gələ bilməzsə, iştirakçıların hər birindən bir nəfər olmaqla namizədlərin vahid siyahısı tərtib olunur, bu siyahı birgə ümumi yığıncaqda təsdiq edilərək Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir.
17.4. Azərbaycan Respublikasının Milli Məclisi bu Qanunun 17.2-ci maddəsində göstərilən təşkilatların (təşkilatlar qrupunun) hərəsindən bir namizəd olmaqla 9 nəfərdən ibarət tərkibdə 17.2.1-17.2.3-cü maddələrdə göstərilən təşkilatların namizədlərini 6 il, 17.2.4-17.2.6-cı maddələrdə göstərilən təşkilatların (təşkilatlar qrupunun) namizədlərini 4 il, 17.2.7-17.2.9-cu maddələrdə göstərilən təşkilatlar qrupunun namizədlərini isə 2 il müddətinə Yayım şurasına üzv seçir.
17.5. Yayım şurasının üzvləri öz aralarından sədr seçirlər.
17.6. Müddəti başa çatmış Yayım şurası üzvlərinin yerinə bu Qanunun 17.2-ci maddəsində göstərilən qaydada yeni namizədlər irəli sürülür və bu Qanunun 17.4-cü maddəsində göstərilən qaydada 6 il müddətinə təsdiq olunurlar.
17.7. Fəaliyyətinə bu Qanunla nəzərdə tutulmuş qaydada vaxtından əvvəl xitam verilən Yayım şurası üzvünün boş qalan yerinə seçim müddəti başa çatanadək təkrar seçki keçirilmir.
17.8. Bu Qanunun 17.7-ci maddəsində nəzərdə tutulan hallarda Yayım şurası üzvlərinin sayı 6 nəfərdən az olarsa, o zaman fəaliyyətinə vaxtından əvvəl xitam verilmiş Yayım şurası üzvlərinin boş qalan yerlərinə bu Qanunun 17.2-ci və 17.4-cü maddələrində göstərilən qaydada təkrar seçkilər keçirilir.
17.9. İlkin seçim müddəti başa çatmış Yayım şurası üzvlərinin təkrar seçilmək üçün bu Qanunun 17.2-ci maddəsinə uyğun şəkildə namizədlikləri irəli sürülə bilər. Yayım şurası üzvünün dalbadal iki dəfə seçilmək hüququ vardır.