Qanunvericilik › İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Milli antidopinq qurumunun vəzifələri

İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.0. Milli antidopinq qurumunun vəzifələri aşağıdakılardır:

7.0.1. idmançıların və onların köməkçi heyətinin hüquqlarını və idmançıların sağlamlığını qorumaq məqsədi ilə idmanda dopinqsiz iştirakı təbliğ etmək;

7.0.2. idmanda dopinqdən istifadənin qarşısının alınması məqsədi ilə maarifləndirmə fəaliyyətini həyata keçirmək;

7.0.3. idmanda dopinqdən istifadənin qarşısının alınması və onunla mübarizə ilə bağlı strategiyanı hazırlamaq;

7.0.4. Məcəllənin müddəalarını yerinə yetirmək və Azərbaycan Respublikasının dopinqlə bağlı tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət etmək;

7.0.5. idman subyektlərindən toplanmış bionümunələrin testlərinin keçirilməsi daxil olmaqla ölkədə antidopinq fəaliyyətini təmin etmək;

7.0.6. antidopinq ilə bağlı qayda və beynəlxalq standartların tətbiq olunmasını təmin və təbliğ etmək;

7.0.7. Məcəlləyə və ÜADA tərəfindən işlənib hazırlanmış standartlara uyğun olaraq bionümunələrin toplanması və testin keçirilməsi ilə bağlı prosedurlar haqqında idmançıları və onların köməkçi heyətini məlumatlandırmaq;

7.0.8. antidopinq ilə bağlı qaydalara və beynəlxalq standartlara uyğun olaraq idmançılardan bionümunələri toplamaq və onların test üçün ÜADA tərəfindən akkreditasiya edilmiş laboratoriyalara təhlükəsiz şəkildə daşınmasını təmin etmək;

7.0.9. ÜADA-nın göstərişlərinə uyğun olaraq bütün qadağan olunmuş maddələrlə bağlı məlumatları saxlamaq;

7.0.10. qeydiyyata alınmış test qrupu barədə məlumatı Məcəllədə nəzərdə tutulan Antidopinq Administrasiya və İdarəetmə Sistemində saxlamaq;

7.0.11. milli antidopinq qurumunun qaydalarına uyğun olaraq antidopinq qayda pozuntuları ilə bağlı məsuliyyətin həyata keçirilməsini təmin etmək;

7.0.12. milli antidopinq qurumu üçün müəyyən olunmuş qaydalara riayət etmək və yerinə yetirmək üçün zəruri tədbirləri həyata keçirmək;

7.0.12-1. idmanda dopinqdən istifadənin qarşısının alınması, habelə qadağan olunmuş dopinq vasitələrinin qanunsuz dövriyyəsində iştirak edən şəxslər barədə məlumat almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq etmək, o cümlədən məlumat mübadiləsini həyata keçirmək;

7.0.13. Məcəllənin normalarına riayət etmək və onun tətbiq olunması üçün zəruri tədbirləri görmək;

7.0.14. bu Qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş vəzifələri icra etmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver