20-10.1. İnformasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətin koordinasiyası (kritik informasiya infrastrukturu, dövlət orqanlarına (qurumlarına) məxsus, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturu, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlər, eləcə də onlarla bağlı aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış CERT-lərlə bağlı yalnız kibertəhdid, kiberhücum və kiberinsidentlər üzrə məlumat mübadiləsi) Milli CERT tərəfindən həyata keçirilir. Milli CERT kritik informasiya infrastrukturu obyektlərinin kibertəhlükəsizliyinə münasibətdə məlumat mübadiləsini səlahiyyətli orqan vasitəsilə həyata keçirir.
20-10.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə məxsus olan informasiya infrastrukturunun informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyi həmin orqanlar tərəfindən təmin edilir. Bu orqanların informasiya infrastrukturunun informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyinə qarşı mövcud və yarana biləcək kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən tədbirlər barədə məlumatlar açıqlanmır və digər dövlət orqanları (qurumları), o cümlədən Milli CERT-lə və Milli SOC-la mübadilə edilmir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə məxsus olan informasiya infrastrukturunun informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları həmin orqanların normativ hüquqi aktları ilə müəyyən edilir.
20-10.3. Milli CERT-in vəzifələri aşağıdakılardır:
20-10.3.1. ölkə üzrə kibertəhlükəsizlik vəziyyətinin mütəmadi monitorinqini aparmaq, kibertəhdidlər, kiberhücumlar, kiberinsidentlər və zərərverici proqram təminatı barədə məlumatları toplamaq, mübadilə etmək, sistemləşdirmək və təhlil etmək, habelə həmin məlumatların potensial təsirlərini qiymətləndirmək, məlumat mübadiləsini həyata keçirmək;
20-10.3.2. ölkənin kibertəhlükəsizliyinə yönələn kibertəhdidlərə, kiberhücumlara və kiberinsidentlərə qarşı əlaqələndirilmiş tədbirlərin görülməsini təşkil etmək;
20-10.3.3. proaktiv kibertəhlükəsizlik tədqiqatını həyata keçirmək və erkən xəbərdarlıq mexanizmlərini təşkil etmək;
20-10.3.4. kibertəhlükəsizliyin təmini üzrə CERT-lərə və informasiya infrastrukturu subyektlərinə metodiki və təşkilati köməklik göstərmək;
20-10.3.5. CERT-lərdən, digər ölkələrin analoji qurumlarından və digər mənbələrdən daxil olan məlumatlar əsasında kibertəhdidlərin qabaqlanması, qarşısının alınması və kiberinsidentlərə reaksiya üzrə koordinasiyalı fəaliyyəti təşkil etmək və zəruri texniki dəstək göstərmək;
20-10.3.6. kibertəhdidlər, kiberhücumlar, kiberinsidentlər və zərərverici proqram təminatı barədə informasiya infrastrukturu subyektlərini və CERT-ləri operativ məlumatlandırmaq, müvafiq tövsiyələr vermək;
20-10.3.7. kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə standartlar, metodiki sənədlər və təlimatlar hazırlamaq, habelə onların tətbiqi ilə bağlı tədbirlər görmək;
20-10.3.8. xarici mənbəli kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər barədə xarici dövlətlərin müvafiq qurumları və beynəlxalq təşkilatlarla məlumat mübadiləsini həyata keçirmək;
20-10.3.9. kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin vahid qeydiyyatını və statistik uçotunu aparmaq, analitik hesabatlar hazırlamaq;
20-10.3.10. kibertəhlükəsizlik sahəsində təlimlərin, simulyasiya məşqlərinin və sınaqların keçirilməsini təşkil etmək və əlaqələndirmək;
20-10.3.11. informasiya infrastrukturu subyektləri və CERT-lər tərəfindən kibertəhlükəsizlik sahəsində beynəlxalq standartların və ən yaxşı təcrübələrin tətbiqinə dəstək göstərmək;
20-10.3.12. kibertəhlükəsizlik sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
20-10.3.13. dövlət orqanları (qurumları), informasiya infrastrukturu subyektləri və CERT-lər arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığı və qarşılıqlı məlumat mübadiləsini təşkil etmək.
20-10.4.Milli CERT bu Qanunla müəyyən olunmuş vəzifələrini yerinə yetirmək məqsədilə aşağıdakı hüquqlara malikdir:
20-10.4.1. informasiya infrastrukturu subyektlərindən kibertəhlükəsizlik vəziyyəti, kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər, habelə təhlükəsizlik riskləri barədə məlumatları bu Qanunun 1-ci maddəsinin üçüncü hissəsinin, 20-7.8-ci, 20-7.12-ci, 20-9.3-cü, 20-9.4-cü və 20-10.6-cı maddələrinin tələbləri nəzərə alınmaqla əldə etmək;
20-10.4.2. kiberinsidentlərin araşdırılması və aradan qaldırılması məqsədilə CERT-lərin, informasiya infrastrukturu subyektlərinin fəaliyyətini bu Qanunun 20-7.8-ci, 20-7.12-ci, 20-9.3-cü, 20-9.4-cü və 20-10.6-cı maddələrinin tələbləri nəzərə alınmaqla əlaqələndirmək;
20-10.4.3. kibertəhlükəsizlik sahəsində dövlət orqanları (qurumları) və digər aidiyyəti qurumlarla birgə tədbirlər həyata keçirmək;
20-10.4.4. beynəlxalq təşkilatlar və xarici ölkələrin CERT strukturları ilə əməkdaşlıq etmək, təcrübə və məlumat mübadiləsi aparmaq;
20-10.4.5. kibertəhlükəsizliyin təmin edilməsi (kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması) ilə əlaqədar informasiya infrastrukturu subyektlərinə, CERT-lərə, SOC-lara, internet provayderlərə və host provaydelərə göstərişlər vermək;
20-10.4.6. kibertəhlükəsizlik sahəsində yeni texnologiyaların və həllərin tətbiqi üzrə pilot layihələr həyata keçirmək;
20-10.4.7. kibertəhlükəsizlik risklərinin qiymətləndirilməsi və zəifliklərin müəyyən olunması məqsədilə informasiya infrastrukturu subyektini məlumatlandırmaqla informasiya infrastrukturu obyektlərinin, o cümlədən internet informasiya ehtiyatlarının kibertəhlükəsizlik üzrə monitorinqini və auditini həyata keçirmək.
20-10.5. Həyata keçirilmiş monitorinqlər və auditlər nəticəsində aşkar edilmiş zəifliklərin, boşluqların və digər uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar Milli CERT tərəfindən müəyyən edilmiş müddət ərzində CERT-lər, informasiya infrastrukturunun subyektləri, o cümlədən internet informasiya ehtiyatlarının sahibləri tərəfindən tədbirlər görülərək nəticəsi barədə Milli CERT-ə məlumat verilməlidir.
20-10.6. Bu Qanunun 20.9-3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, CERT-lər arasındakı, həmçinin CERT-lərlə və informasiya infrastrukturu subyektləri ilə Milli CERT arasındakı fəaliyyətin əlaqələndirilməsi və fasiləsiz məlumat mübadiləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vahid kibertəhlükəsizlik platforması vasitəsilə təmin edilir.
20-10.7. CERT-lər və informasiya infrastrukturu subyektləri informasiya infrastrukturuna yönəlmiş kiberhücumlara qarşı cavab tədbirlərinin görülməsi, habelə kibertəhdidlərin və kiberinsidentlərin qarşısının alınması ilə bağlı Milli CERT-in həyata keçirdiyi fəaliyyətə zəruri şərait yaratmalı və dəstək verməlidirlər.
20-10.8. Ölkəni hədəf alan kibertəhdidlər və kiberhücumlar barədə məlumatların digər dövlətlərin bu sahədə səlahiyyətli qurumlarından əldə edilməsi, həmçinin digər ölkələri hədəf alan hücumlar barədə məlumatların ötürülməsi Milli CERT vasitəsilə və ya Milli CERT-i məlumatlandırmaqla həyata keçirilir.
20-10.9. CERT-lər, informasiya infrastrukturunun subyektləri, həmçinin ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturu subyektləri, o cümlədən internet provayderlər, host provayderlər və internet informasiya ehtiyatının sahibləri Milli CERT tərəfindən kibertəhlükəsizlik vəziyyətinin öyrənilməsi, proaktiv kibertəhlükəsizlik tədqiqatının aparılması məqsədilə göndərilən sorğuları 24 saat, rəqəmsal tədqiqatın aparılması ilə bağlı göndərilən sorğuları isə 5 iş günü ərzində cavablandırmalıdır.