Qanunvericilik › İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20-11

Maddə 20-11. İnformasiya infrastrukturunun informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyi

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20-11.1. İnformasiya infrastrukturunun kibertəhlükəsizliyi informasiya infrastrukturu subyekti tərəfindən informasiya infrastrukturu obyektinin kibertəhlükəsizliyində zəifliklərin, boşluqların və digər uyğunsuzluqların aşkar olunması məqsədilə risklərin qiymətləndirilməsi, təhlükəsizlik auditlərinin keçirilməsi və onların nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin görülməsi yolu ilə təmin edilir.

20-11.2. İnformasiya infrastrukturu subyekti bu Qanunun 20-7.8-ci, 20-7.12-ci, 20-9.3-cü, 20-9.4-cü, 20-10.2-ci və 20-10.6-cı maddələrinin tələbləri nəzərə alınmaqla, informasiya infrastrukturu obyektlərinə qarşı yönəlmiş kiberinsident və kiberhücumlar barədə məlumatın onların aşkarlandığı andan dərhal sonra Milli CERT-ə təqdim olunmasını təmin etməlidir.

20-11.3. İnformasiya infrastrukturu subyektinin müraciəti əsasında kibertəhlükəsizlik və proaktiv kibertəhlükəsizlik tədqiqatı üzrə xidmətlər Milli CERT tərəfindən ödənişli əsaslarla həyata keçirilir. Ödənişin məbləği tərəflər arasında bağlanılan müqavilə əsasında müəyyən edilir.

20-11.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən kiberinsidentləri aşkarlama, ölçmə meyarları və indikatorları müəyyənləşdirilərək həmin orqanın (qurumun) rəsmi internet informasiya ehtiyatında yerləşdirilir və mütəmadi yenilənməsi təmin edilir.

20-11.5. CERT-lər, SOC-lar, həmçinin informasiya infrastrukturu subyektləri, o cümlədən internet informasiya ehtiyatlarının sahibləri, internet provayderlər və host provayderlər tərəfindən Milli CERT-in kibertəhlükəsizliyin təmin edilməsi (kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması) ilə əlaqədar göstərişlərinin yerinə yetirilməməsi, informasiya infrastrukturuna yönəlmiş kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər barədə məlumatların dərhal Milli CERT-ə təqdim edilməməsi, eləcə də Milli CERT-in informasiya infrastrukturunun kibertəhlükəsizlik vəziyyətinin öyrənilməsi və proaktiv kibertəhlükəsizlik tədqiqatının aparılması məqsədilə göndərdiyi sorğuların 24 saat, rəqəmsal tədqiqatın aparılması ilə bağlı göndərdiyi sorğuların isə 5 iş günü ərzində cavablandırılmaması, kiberinsidentlərin və kiberhücumların real vaxt rejimində fasiləsiz monitorinqinin və onlara qarşı ilkin texniki cavab tədbirlərinin həyata keçirilməməsi, eləcə də belə fəaliyyətlər nəticəsində əldə edilən məlumatların dərhal Milli SOC-a ötürülməməsi, rəqəmsal tədqiqatın və proaktiv kibertəhlükəsizlik tədqiqatına şəraitin yaradılmaması və reyestrə daxil edilmədən CERT və SOC kimi fəaliyyətin göstərilməsi, ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturunun kibertəhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərin (informasiya infrastrukturunun subyektləri, o cümlədən internet provayderlər, host provayderlər və internet informasiya ehtiyatının sahibləri tərəfindən) yerinə yetirilməməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

20-11.6. Domen adı “az” (“gov.az” istisna olmaqla) ölkə kodlu yüksək səviyyəli domen zonasında yerləşən internet informasiya ehtiyatlarının sahibləri tərəfindən Milli CERT-in kibertəhlükəsizliyin təmin edilməsi (kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması) ilə əlaqədar göstərişlərinin yerinə yetirilməməsi domen adının “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında olan qeydiyyatının xitamı, domen adına texniki xidmətin dayandırılması üçün əsasdır. Bu halda Milli CERT domen adının qeydiyyatını aparan orqandan domen adının qeydiyyatına xitam verilməsini, ona texniki xidmətin dayandırılmasını (o cümlədən məhkəmə qaydasında) tələb edə, maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərə münasibətdə isə həmin tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver